Avq 03, 2022 19:10 Asia/Baku
  • Almaniya hökuməti küçə iğtişaşlarının artmasından narahatdır

Almaniya hökuməti Ukraynadakı müharibənin səbəb olduğu qiymət artımının və Rusiya tərəfindən enerji təchizatının azalmasının geniş etirazlara və iğtişaşlara səbəb olacağından narahatdır.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Almaniyanın "Deutsche Welle" xəbər agentliyi məlumat yayıb.

"Deutsche Welle" yazıb: "Almaniya hökuməti bəzi siyasətçilərin və sosial elmlər üzrə tədqiqatçıların proqnozlarının reallaşacağından və qiymət artımının ifrat sağçı cərəyanlar tərəfindən ölkədə, xüsusən də post-korona dövründə iğtişaşlar yaratmaq üçün istifadə ediləcəyindən narahatdır".

Məlumatın davamında deyilir: "Almaniya koalisiya hökumətinin siyasətçiləri payızda qaz və ərzaq qiymətlərinin artmasının sosial narazılığa səbəb olacağından ehtiyat edirlər. Onların iğtişaşların yaranması ilə bağlı narahatlığı koronavirus məhdudiyyətlərinin və hökumət tədbirlərinin həyata keçirilməsi zamanı baş verən hadisələrə bənzəyir".

Əlbəttə ifrat sağçıların təhriki ilə başlayan etirazların qorxusu müəyyən qədər haqlıdır. Sağçılar elə indidən kütləvi səfərbərliyə və bu cür hərəkatlara hazırlaşıblar.

Rusiyadan qaz axınının daha da azalması nəticəsində yaranan enerji təchizatı böhranı Almaniyada daha yüksək enerji haqqı ilə bağlı narahatlığı artırıb və bu ay bu ölkədə inflyasiyanın gözlənilməz artmasına səbəb olub.

Bəzi analitiklər hesab edirlər ki, enerji qiymətlərinin qeyri-sabitliyi səbəbindən inflyasiya hələ pik həddinə çatmamış ola bilər.

Almaniya hökuməti oktyabr ayından etibarən bütün qaz istehlakçılarına vergi tətbiq etməyi planlaşdırır ki, tədarükçülər Rusiya tədarükünün azalması səbəbindən qaz idxal qiymətlərindəki artımı kompensasiya edə bilsinlər.

Bu vəziyyət Almaniya vətəndaşları arasında çoxlu narahatlıqlar yaradıb, ruh düşkünlüyü, ümidsizlik və gələcək qorxusuna səbəb olub.

Teqlər