Avq 05, 2022 19:07 Asia/Baku
  • Çinin Amerika ilə bütün ikitərəfli görüşləri dayandırılıb

Pekin Vaşinqtonun hərəkətlərindən əsəbiləşməsinin davamında Amerika tərəfi ilə bütün ikitərəfli siyasi, hərbi və diplomatik tədbirləri dayandırıb və bu ölkə ilə münasibətlər səviyyəsini aşağı salıb.

Çin Xarici İşlər Nazirliyi Amerika Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərinə reaksiyada bu gün bildirib ki, Pekin iki ölkənin müdafiə rəsmilərinin görüşlərini ləğv edib.

Bu tədbirlərin davamında Çin Xarici İşlər Nazirliyi əlavə edib ki, Amerikanın düşmənçilik hərəkətlərinə etiraz olaraq, Çin hərbi rəsmilərinin Pentaqonun yüksək rütbəli rəsmiləri və ABŞ-ın regional komandanları ilə bir neçə görüşünü ləğv edib və iqlim dəyişiklikləri ilə bağlı ikitərəfli müzakirələri də dayandırıbdır.

Çin ötən günlərdə Tayvan boğazının yaxınlığında raket və aviasiya təlimləri keçirməkdən əlavə, Nensi Pelosini və ona yaxın olan adamları da sanksiyalara məruz qoyubdur. Pekin həmçinin Amerikanın müttəfiqlərinin səfirlərindən bir neçəsini çağırtdırıbdır.

Çin Xarici İşlər Nazirliyi “Amerika ilə münasibətlər səviyyəsinin azaldılması” adlandırdığı məsələnin davamında qeyd edibdir ki, bu ölkə ilə qanunsuz mühacirət, sərhədaşırı cinayətlər və narkotik maddələrə nəzarət sahələrindəki əməkdaşlıqları dayandırıbdır. Həmçinin Pekinin ləğv etdiyi ikitərəfli tədbirlərdən başqa birisi, dəniz gediş-gəlişi və ya gəmiçiliyin təhlükəsizlik mexanizmi barədə ikitərəfli danışıqlardır.

 

Teqlər