Rusiya Konstitusiya Məhkəməsi tərəfindən
Ukrayna vilayətlərinin Rusiyaya qəbulu ilə bağlı müqavilələr tanınıb
Rusiya Konstitusiya Məhkəməsi (MK) "Donetsk və Luqansk Xalq Respublikaları"nın, habelə Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasının tərkibinə qəbul edilməsi haqqında müqavilələri tanıyıb.
SəhərAzəri-nin "RİA Novosti"-yə istinadən verdiyi məlumata görə, “Rusiya Federasiyası ilə Donetsk Xalq Respublikası arasında Donetsk Xalq Respublikasının Rusiya Federasiyasına qəbul edilməsi və Rusiya Federasiyasının tərkibində yeni subyektin yaradılması haqqında qüvvəyə minməmiş beynəlxalq müqavilənin tanınması Rusiya Federasiyasının Konstitusiyasına uyğundur", - deyə Rusiya Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarda deyilir.
Oxşar qərarlar "LXR", eləcə də Zaporojye və Xerson vilayətləri ilə bağlı da verilib.
Rusiya Prezidenti Vladimir Putinin Xerson və Zaporojye vilayətlərinin, "Donetsk və Luqansk Xalq Respublikaları"nın Rusiya Federasiyasına qəbul edilməsi və Rusiya tərkibində yeni subyektlərin yaradılması haqqında müqavilələrin konstitusiyaya uyğunluğunun nəzərdən keçirilməsi ilə bağlı tələbləri cümə günü Konstitusiya Məhkəməsinə daxil olub.
Qeyd edək ki, bu gün Kreml Sarayının Georgiyevski zalında yeni ərazilərin Rusiya Federasiyasına daxil olmasına dair müqavilələrin imzalanması mərasimi keçirilib. Ona rusiyalı senatorlar və deputatlar dəvət olunub.
Xatırladaq ki, "DXR", "LXR", Xerson və Zaporojye vilayətlərində sentyabrın 23-dən 27-dək referendumlar keçirilib,və deyilənlərə görə, vətəndaşlar subyektlərin Rusiyaya daxil olmasına səs veriblər.
Sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putin yeni ərazilərin - yəni "Donetsk xalq Respublikası"nın, "Luqansk Xalq Respublikası"nın, Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasına birləşdirilməsi barədə sənədləri imzalayıb. İmzalanma mərasimi Kremlin Georgiyevski zalında baş tutub.