İlk dəfə olaraq ABŞ-ın istəyini yerinə yetirməyən
Səudiyyə Ərəbistanı cəzalandırılacaq?
Səudiyyə Ərəbistanına silah satışını dayandıran qanun ABŞ Senatına təqdim edilib. Ərrəyad isə ABŞ-la hərbi əməkdaşlığa təkid edib.
ABŞ senatoru Riçard Blyumental Səudiyyə Ərəbistanına silah satışını bir il müddətinə dayandıran qanun layihəsinin ABŞ Senatına təqdim edildiyini açıqlayıb.Bu barədə “TASS” bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, söhbət Səudiyyə Ərəbistanına silah və sursatların birbaşa kommersiya və xarici hərbi satışının bir il müddətinə dayandırılmasından gedir.
Bundan əvvəl Ağ Ev Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ prezidenti Cozef Bayden OPEC+ ölkələrinin neft hasilatını azaltmaq qərarından sonra ABŞ-ın Səudiyyə Ərəbistanı ilə münasibətlərinə yenidən baxa bilər.
İndiyədək həmişə OPEC-də ABŞ-ın əmrlərini yerinə yetirən Səudiyyə Ərəbistanının bu dəfəki hərəkəti Vaşinqtonu qəzəbləndirib. Ancaq görünür ABŞ-ın dəstəyinə ehtiyacı olan Ali-Səud ailəsi qorxmağa başlayıb.
Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud “Al Arabiya” telekanalına müsahibəsində deyib ki,
“Vaşinqtonun narazılığına səbəb olan “OPEC+”un neft hasilatını azaltmaq qərarı siyasi deyil, iqtisadi idi”.
O, həmçinin bildirib ki, Səudiyyə Ərəbistanı ilə ABŞ arasında münasibətlər strateji xarakter daşıyır və Ər-Riyad və Vaşinqton arasında hərbi əməkdaşlıq hər iki ölkənin maraqlarına uyğundur.