Sen 28, 2023 19:46 Asia/Baku
  • Metyu Miller çaşbaş açıqlama verib

ABŞ-ın Qarabağa müşahidəçi missiya göndərmək tələbinin rəsmi Bakı tərəfindən rədd edilməsinə rəğmən Dövlət Departamentinin sözçüsü Bakının “müsbət” mövqeyini alqışladığını bildirib.

Birləşmiş Ştatlar Azərbaycan hökumətinin Dağlıq Qarabağda beynəlxalq müşahidə missiyasına açıq olacağı ilə bağlı  mövqeyini “alqışlayır”. Bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller sentyabrın 27-də  keçirdiyi  btifinqdə Turanın Vaşinqton müxbirinə bildirib.

“Bu, Katib Blinkenin birbaşa Prezident Əliyevi sövq etməyə çalışdığı bir şeydir və biz onun bununla razılaşdığını görməkdən məmnunuq”, - Miller deyib.

“Biz bu missiyanın necə görünəcəyini dəqiq müəyyən etmək üçün yaxın günlərdə müttəfiqlərimiz və tərəfdaşlarımızla işləyəcəyik”.

Miller onu da qeyd edib ki, USAİD-in administratoru Samanta Pauer və dövlət katibinin köməkçisi vəzifəsini icra edən Yuri Kim hazırda Azərbaycandadırlar və orada dövlət katibinin dünən prezident Əliyevlə söhbətində qaldırdığı məsələləri müzakirə edirlər.

Millerin amerikalı heyətin dünən İlham Əliyevlə görüşü zamanı Azərbaycan Respublikası prezidentinin Dağlıq Qarabağda beynəlxalq müşahidə missiyasının yerləşməsi ilə razılaşdığını iddia etməsinə rəğmən prezident saytında görüş barədə dərc olunan məlumatda rəsmi Bakının sadəcə Azərbaycanda akkreditə olunmuş BMT-nin Rezident Əlaqələndirici Ofisinin yaxın zamanda Azərbaycanın Qarabağ bölgəsinə səfərinin təşkilinə hazır olduğunu bildirib.

ABŞ-ın bu təklifi amerikalı heyətin İrəvan səfərində səsləndirildikdən dərhal sonra Azərbaycan prezidentinin köməkçisi buna münasibət bildirmişdi.

"Rəsmi Bakı Qarabağla bağlı beynəlxalq müşahidə missiyasına lüzum duymur". Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Deutsche Welle"yə müsahibəsində deyib.

Hikmət Hacıyev “Azərbaycanın gizlədəcək heç nəyi yoxdur” deyib.

"Heç bir müşahidə missiyasına ehtiyac yoxdur, çünki reallıqlar göz qabağındadır", - Hikmət Hacıyev diqqətə çatdırıb.

O əlavə edib ki, ölkə həmişə Cənubi Qafqazda istənilən geosiyasi rəqabətin əleyhinə olub.

Hikmət Hacıyev həmçinin Amerikanı regiona geosiyasi rəqabət prizmasından baxmamağa çağırıb.

Politoloq Elxan Şahinoğlu isə ABŞ-dan Qarabağa müşahidəçi missiya göndərilməsi çağırışının səbəbini belə şərh edib: “Qarabağdan köç Qərbdə trend mövzuya çevrilib. Ona görə də Qərbdə bir qrup siyasətçi məsələyə münasibət bildirmək yarışına girişib, açıqlamalarında Azərbaycanı hədələməyi də unutmurlar. Qarabağa missiya göndərmək haqqında da açıqlamalar verməyə başlayıblar.”

Politoloq ABŞ rəsmilərinin Azərbaycan rəhbərliyinin ağzına söz qoymaq cəhdləri barədə isə bunları deyib:

 “Prezident İlham ölkəmizdə akkreditə olunmuş BMT-nin Rezident Əlaqələndirici Ofisinin Qarabağa səfərinə etiraz etməyib. Bu o deməkdir ki, dövlət başçısı hansısa xüsusi missiyanın Qarabağa səfərinin əleyhinədir.

 

Teqlər