Azərbaycan Trampın Ukrayna “sülh” planına qarşı çıxır
Dövlət televiziyası Zelenskini topa tutdu – TƏHLİL
AzTV sədri Rövşən Məmmədovun aparıcısı olduğu ‘Həftə’ proqramında Ukrayna sülh planı ilə bağlı səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub.
Bu məlumata əsasən, sədr-aparıcının Ukraynanın Trampın şərtlərini yerinə yetirmək niyyətində olması ilə bağlı sərt ifadələrlə şərh verməsi sosial mediada rəsmi Bakının Ukrayna hakimiyyətindən Rusiya qarşısında güzəştə getməsinə və ABŞ prezidentinin dırnaqarası sülh təşəbbüsünə etirazı kimi qəbul olunur.
Rövşən Məmmədov Volodimir Zelenskinini tənqid edərək deyib ki, Ukraynanın ağıllı və güclü liderə ehtiyacı var.
Onun bu fikirləri diplomatik qalmaqal yarada biləcək mesaj kimi dəyərləndirilir.
Qeyd edək ki, AzTV dövlət televiziyasıdır və orada yer alan material və fikirlər dövlətin mövqeyi kimi yozulur.
Bəzi şərhlərə görə, Ukrayna prezidentinin ABŞ-ın sərt təzyiqləri nəticəsində təslimçiliyə hazırlaşması Azərbaycanın rəsmi siyasəti ilə uzlaşmır.
İyulun 19-da Azərbaycan Respublikasının prezidenti Ukraynaya işğalla barışmamağı tövsiyə etmişdi.
İlham Əliyev 3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bildirmişdi ki, Ukrayna işğalla barışmamalıdır.
Trampın səs-küylü son planında isə Ukrayna hökumətindən ərazi güzəştləri və Rusiyanın şərtlərini qəbul etməsi tələb olunur.
Yayılan məlumatlara görə, rəsmi Kiyev Rusiya qarşısında təslimçiliyə və işğalla barışmağa hazırlaşır. Bu da bir tərəfdən Bakının Kiyevə yardımlarını dayandırmasına, digər tərəfdən isə ABŞ-a və onun alverçi rəhbərliyinə inamını itirməsinə gətirib çıxara bilər.