Okt 13, 2023 15:22 Asia/Baku
  • Fransa Azərbaycanı Qarabağ ermənilərinin “deportasiyası”nda suçlayır

Rəsmi Paris erməni köçkünlər barədə BMT-yə müraciət edib

Fransa hökuməti ermənilərin Qarabağa qaytarılması üçün BMT-yə qətnamə təşəbbüsü ilə müraciət edib.

Fransanın xarici işlər naziri Katrin Kolonna Senatda çıxışı zamanı deyib: “Qarabağ erməniləri tarixi və mədəni haqları da daxil, hüquqlarının müdafiəsinə güclü qarantiya almalıdır”.

Onun sözlərinə görə, Azərbaycan 100 mindən çox Dağlıq Qarabağ ermənisinin deportasiyasını planlaşdırıb və təşkil edib.

Nazir hazırki vəziyyəti cavabsız qala bilməyəcək fövqəladə, ağır cinayət adlandırıb, deyib ki, Azərbaycana gücdən istifadəyə izin verilməməlidir.

Azərbaycan Xarici İşlər Nazirliyi buna cavab olaraq Parisi erməniyönlü və qərəzli mövqe tutmaqda ittiham edib.

Nazirliyin yaydığı bəyanatda deyilir ki, Paris ermənilərin Qarabağdan könüllü çıxışının Azərbaycan tərəfindən təşkil edildiyini iddia etməklə öz məkrli siyasətini davam etdirir.

 

Xatırladaq ki, oktyabrın 3-də Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun fəaliyyətinin dayandırıldığı bildirilib. Ondan öncə isə Fransa Milli Assambleyasında Fransa-Azərbaycan Dostluq Qrupu fəaliyyətini dayandırdığını açıqlamışdı.

 

Teqlər