Quterreş Qəzzədə beynəlxalq humanitar hüququn açıq şəkildə pozulmasını pisləyib
BMT-nin baş katibi Antonio Quterreş Qəzzə zolağında beynəlxalq humanitar hüququn açıq şəkildə pozulmasını pisləyib
Antonio Quterreş sionist İsrail rejiminin Qəzzəyə hücumu ilə bağlı Təhlükəsizlik Şurasının iclasında deyib. "Qəzzədə şahidi olduğumuz beynəlxalq humanitar hüququn açıq şəkildə pozulmasından dərin narahatam. İcazə verin açıq deyim: "Silahlı münaqişənin heç bir tərəfi beynəlxalq humanitar hüquqdan üstün deyil".
BMT-nin baş katibi daha sonra HƏMAS-ın oktyabrın 7-də işğal olunmuş ərazilərə hücumunun səbəblərinə diqqət yetirməyə çağırıb və deyib: "Həmasın hücumunun boşuna baş vermədiyini də etiraf etmək vacibdir. Fələstin xalqı 56 ildir boğucu işğala məruz qalıb. Onlar öz torpaqlarının sionist yaşayış məntəqələri tərəfindən davamlı olaraq, yeyildiyini və zorakılıqlara məruz qaldığını, iqtisadiyyatlarının boğulduğunu, insanlarının köçkün düşdüyünü və evlərinin söküldüyünü görmüşlər. Onların çətin vəziyyətlərinin siyasi həllinə olan ümidləri puç olub".
O, əlavə edib: "HƏMAS-ın 7 oktyabr hücumları Qəzzədə baş verən qətliama haqq qazandıra bilməz. Heç bir şey mülki şəxslərin qəsdən öldürülməsinə, yaralanmasına və qaçırılmasına və ya mülki hədəflərə raketlərin atılmasına haqq qazandıra bilməz".
Quterreş son günlər Misirdən Rəfəh keçidi vasitəsilə Qəzzəyə daxil olan yardım karvanlarını "ehtiyac okeanında bir damla yardım" adlandırıb. Bundan əlavə, Qəzzədə yanacaq ehtiyatlarının bir neçə gün ərzində tükənəcəyini və bunun başqa bir humanitar fəlakətə gətirib çıxaracağını bildirib.
O, deyib ki, humanitar yardımlar məhdudiyyətsiz Qəzzə çatdırılmalıdır.
Quterreş, həmçinin "antisemitizm" və İslamofobiya və nifrətin bütün formaları ilə mübarizə aparmağa çağırıb.