Latın Amerikası soyqırımçı rejimə qarşı üsyan qaldırır
Kolumbiya prezidenti İsrail üçün kabusa çevrilib - AKTUAL
Kolumbiya prezidenti Qustavo Petro BMT Baş Assambleyasında ABŞ-a qarşı kəskin çıxış etdikdən sonra son günlər mövqeləri ilə medianın diqqətini çəkib və Vaşinqtonla onun ölkəsi arasında yeni gərginlik yaranıb.
Kolumbiya prezidenti BMT Baş Assambleyasının 80-ci sessiyasında ABŞ və onun prezidentini birbaşa tənqid edən azsaylı liderlərdən biri idi. Qustavo Petro öz çıxışında Fələstin məsələsində qəti mövqeyini ifadə edərək deyib: “Tramp soyqırımın şərikidir. Bu Assambleya bir soyqırımın susqun şahidinə çevrilib. BMT Beynəlxalq Məhkəmənin qərarlarını dəstəkləməlidir; Baş Assambleyanın səsi ilə soyqırım dayandırılmalıdır; fələstinliləri qorumaq üçün sülhməramlı qüvvə yaradılmalıdır”.
O, həmçinin İsrailin baş naziri Benyamin Netanyahu Baş Assambleyada çıxış edərkən, Nyu-York küçələrində Fələstin müqavimətinin simvolu olan kəfiyyə ilə anti-sionist nümayişlərinə qoşulub.
Petro mitinq iştirakçılarına səslənərək deyib: “Biz ABŞ və İsrail ordularından daha güclü bir ordu qurmalıyıq. BMT Təhlükəsizlik Şurasında ABŞ-ın son veto qərarı ilə diplomatiya sona çatıb. Biz silahla cavab verəcəyik”.
Kolumbiya prezidenti amerikalı əsgərlərə də müraciət edərək, “Trampın əmrinə deyil, insanlığın əmrinə tabe olun” çağırışı edib.
Petronun çıxışından bir neçə saat sonra ABŞ Dövlət Departamenti açıqlama yayaraq onun vizasını ləğv edib.
Petro isə cavabında vurğulayıb: “Mənim ABŞ vizasına ehtiyacım yoxdur və özümü dünyada azad bir insan sayıram”.
O, sosial şəbəkə “X”dəki paylaşımında əlavə edib: “BMT-nin qərargahı Nyu-Yorkda qala bilməz. Çünki Tramp BMT-nin əsas prinsiplərini pozub. Daha demokratik bir məkana köçməyin vaxtıdır”.
Petro Qəzzə müharibəsinin başlanğıcından bəri İsrail rejiminin sərt tənqidçilərindən olub və Qəzzədəki müharibəni “soyqırım” adlandırır. Kolumbiya 2024-cü ilin may ayında İsraillə diplomatik münasibətləri kəsib və əsas ixrac məhsullarından olan kömürün Təl-Əvivə satışını dayandırıb.