Bütün Yer kürəsində istiliyin fəlakətli dərəcədə artması qeydə alınıb
Avstraliyadakı Yeni Cənubi Uels Universitetinin alimləri bildiriblər ki, inkişaf etməmiş infrastruktura malik ölkələr istiliyin güclənməsindən qaçılmaz şəkildə zərər görəcəklər.
SəhərAzəri Sputnik-ə istinadla xəbər verir, Avstraliyadakı Yeni Cənubi Uels Universitetinin alimləri yerin bütün bölgələrində istilik dalğalarının tezliyinin və gücünün artdığını qeyd ediblər. "Nature Communications" jurnalında dərc edilmiş məqalədə fəlakətli hava dəyişiklikləri haqqında məlumat verilir.
Tədqiqatçılar, ümumiyyətlə, dünyanın hər yerində isti havanın özü ilə ümumilikdə nə qədər istilik gətirdiyini təxmin ediblər. Avstraliyada ən pis halda bütün yay mövsümündə kumulyativ istilik (normadan yuxarı dərəcənin həddi) əlavə 80 dərəcə Selsi, Sibir və Aralıq dənizində isə 200 dərəcə Selsi və daha çox təşkil edib. Müəlliflərin sözlərinə görə, onlar son 70 il ərzində təkcə dünyada istilik dalğalarının tezliyindəki artımının deyil, həm də tendensiyanın sürətlənməsinin fərqinə varıblar.
Hər onillikdə kumulyativ istilik ortalama 1-4, 5 dərəcə Selsi güclənir. Bəzi bölgələrdə, məsələn, Yaxın Şərqdə, Afrikada və Cənubi Amerikada bu göstərici on il ərzində 10 dərəcə Selsiyə çatır. Bu artım uzunmüddətli isti dövrlər hesabına əldə edilir. İstiliyin intensivliyinə, yəni istilik dalğasının orta temperaturunun güclənməsinə gəldikdə, burada sürətlənmə müşahidə edilmir.
1950-ci ildən 2017-ci ilə qədərki onilliklər ərzində Aralıq dənizində hər onillikdə iki gün istilik dalğalarının artması müşahidə edilib. Lakin 1980-ci ildən 2017-ci ilə qədərki onilliklər arasında bu tendensiya 6,4 günə qədər sürətlənib. Amazon, Şimali-Şərqi Braziliya, Qərbi Asiya və Aralıq dənizi kimi bölgələrdə istilik dalğalarında sürətli dəyişikliklər baş verib. Cənubi Avstraliya və Şimali Asiyada isə dəyişikliklər yavaş bir templə baş verir.
Alimlərin sözlərinə görə, tədqiqatın nəticələri qlobal istiləşmənin sürətləndiyini göstərir. Lakin dəyişikliklərin sürətli və ya yavaş olub-olmamasından asılı olmayaraq, inkişaf etməmiş infrastruktura malik ölkələr istiliyin güclənməsindən qaçılmaz şəkildə zərər görəcəklər.