Dek 23, 2020 21:52 Asia/Baku
  • COVID-19-la bağlı XOŞ XƏBƏR

COVID-19 xəstəliyindən sağalan insanların orqanizmi infeksiyanın düşməsindən sonra 8 ay ərzində patogenin immunitet yaddaşını qoruyub saxlayır.

 SəhərAzəri Publika-ya istinadən xəbər verir ki, bu barədə Avstraliyanın Monaş Universitetinin veb-saytındakı məqalədə deyilir.

Universitetin İmmunologiya və Patologiya Fakültəsi, Alfred Xəstəxanası və Burnet İnstitutunun bir qrup alimi tərəfindən aparılan tədqiqatın yekun sənədində bildirilir ki, tədqiqat SARS-CoV-2 virusuna qarşı peyvəndlərin uzun müddət işləyə biləcəyinə dair güclü dəlillər təqdim edir.

Alimlər xüsusi B immunitet hüceyrələrinin virusun yaddaşını saxladığını və patogen yenidən bədənə daxil olduqda qoruyucu antitellərin istehsalını sürətlə başlatdığını təsbit edib. Tədqiqatçılar 25 COVID-19 xəstəsindən ibarət qrup toplayıb və infeksiyadan sonra 4 gündən 242 günədək 36 qan nümunəsi götürüb. Digər oxşar tədqiqatlarda olduğu kimi, virusa qarşı antitellər infeksiyadan 20 gün sonra ifraz olunmağa başlayıb.

Bununla birlikdə, bütün xəstələr SARS-CoV-2 virusunun iki hissəsindən birini - sünbül zülalı və nükleokapsid proteinini tanıyan immunitet yaddaş B hüceyrələrini saxlayıb. Bu spesifik yaddaşa malik B hüceyrələri infeksiyadan 8 ay sonra davamlı olaraq mövcud olub.

Monaş Universitetinin dosenti Menno van Zelm bildirib ki, bu nəticələr COVID-19 virusuna yoluxmuş xəstələrin, əslində, virusa və xəstəliklərə qarşı immuniteti olmadığını göstərmələri baxımından vacibdir. Onun sözlərinə görə, bu, dünyada koronavirus diaqnozu qoyulmuş milyonlarla insan arasında həqiqi təkrar infeksiya nümunələrinin az sayda olmasının səbəbini izah edir. Yeni araşdırmalar inkişaf etdirilən peyvəndlərin uzunmüddətli mühafizə təmin edəcəyinə ümid verir.

Tədqiqatın məqaləsi “Science Immunology” jurnalında dərc edilib.

Qeyd edək ki, daha əvvəlki araşdırmalar koronavirusa qarşı yaranan ilk antitellərin bir neçə aydan sonra yox olduğunu ortaya qoymuşdu. Bu da peyvəndlərin effektivliyi ilə bağlı narahatlıqlar yaratmışdı.

Teqlər