Rəssam Tahir Salahov 93 yaşında vəfat edib
Azərbaycan Respublikasının məşhur rəssamlarından olan Tahir Salahov dünyasını dəyişib
SəhərAzəri-nin Azərbaycan Respublikası medialarına istinadən verdiyi məlumata əsasən,T.Salahov Almaniyada müalicə aldığı klinikada vəfat edib.
Rəssamın Bakının fəxri xiyabanında dəfn ediləcəyi bildirilir.
Tahir Teymur oğlu Salahov 1928-ci il noyabrın 29-da Bakı şəhərində anadan olub. V.İ.Muxina adına Leninqrad Ali Rəssamlıq Sənaye Məktəbi və V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq (İncəsənət) İnstitutunun məzunudur.
T.Salahov Bakıda yaşadığı dövrdə Azərbaycan Rəssamlar İttifaqının sədri, 1997-ci ildə isə Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti seçilib.
Rusiyanın və MDB-nin bir çox ölkələrinin rəssamlıq akademiyalarının, Madriddəki San-Fernando Kral İncəsənət Akademiyasının və Fransa Zərif Sənətlər Akademiyasının müxbir üzvü olan rəssam realist janrın nümayəndəsidir.