Azərbaycan taekvondoçusu Avropa çempionu olub
Məmməd Abdullayevlə Zahid Məmmədovun rəhbərlik etdiyi Azərbaycan komandasında Səyyad Dadaşov (51 kq) və Zemfira Həsənzadə (42 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
SəhərAzəri-nin məlumatına əsasən, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda gənc taekvondoçular arasında Avropa birinciliyi uğrunda yarışın ilk günündə 1 medal qazanan Azərbaycan millisi bu gün aktivinə daha 2 mükafat əlavə edib.
2019-cu ildə analoji birincilikdə 3-cü olan Dadaşov startda Zak Sarsozanı (Böyük Britaniya) məğlub edib. O, ardınca müvafiq olaraq, polşalı Mateus Çrzanovskiyə, gürcüstanlı Aqil Əhmədova və türkiyəli Emre Tasa qalib gəlib. Səyyad finalda Rusiyanı təmsil Leon Eloyanla döyüşüb. Azərbaycan Taekvondoçusu uğurlu seriyanı davam etdirərək, bu dəfə də dayanqdan qalib ayrılaraq Avropa çempionu tituluna yiyələnib.
Azərbaycan Respublikasının xanım idmançısı da birinciliyə imza atıb. Zemfira Həsənzadə müvafiq olaraq Sofiya Qarsiya (İspaniya), Lilli Ettelbruk (Almaniya) və Antonina Valjak (Polşa) üzərində qələbə qazanmaqla finala yüksəlib. Zemfira həlledici görüşü də aktivinə yazıb. O, italiyalı Juliya Qalieronu məğlub etməklə qızıl medala yiyələnib.
Avropa birinciliyinin ilk 2 günündən sonra aktivində 2 qızıl və 1 bürünc mükafat olan Azərbaycan yığması komanda hesabında ikinci yerdə qərarlaşıb.
Qeyd edək ki, yarışın ilk günündə Pünhan Mürsəlov (45 kq) bürünc medal qazanıb. Noyabrın 15-dək davam edəcək birinciliyə Azərbaycan yığması 15 idmançı ilə yollanıb.