Sosial medianı tez-tez yoxlayan yeniyetmələrin beyinləri dəyişə bilər
Yeni bir araşdırmanın nəticələrinə görə, sosial mediadan həddindən artıq istifadə yeniyetmələrin beynini dəyişdirir və onları həmyaşıdlarının sosial rəylərinə daha "həssas" edir.
"Bloomberg"in məlumatına görə, üç il müddətinə sosial mediadan həddindən artıq istifadə edən 190 yeniyetmə üzərində aparılan araşdırmanın nəticələri göstərir ki, 12-15 yaş arası gənc yeniyetmələr arasında sosial medianı dəfələrlə yoxlamaq onların beyinlərinin inkişafında dəyişikliklərə səbəb ola bilər.
Beyin skanlarının təhlili sübut edir ki, bu yeniyetmələr bəzi məsələlərə qarşı daha həssaslıq və əsəbilik nümayiş etdirirlər.
Bu araşdırmanın yayılmasından sonra ABŞ-ın Sietl şəhərində 100-dən çox məktəbin rəsmiləri texnologiya nəhənglərinə qarşı yeni bir iddia qaldıraraq, sosial media şirkətlərinin gənclərin psixi sağlamlığına zərər verdiklərinə görə məsuliyyət daşıdıqlarını bildiriblər.
İddia şirkətlərin yanlış davranışlarını gənclər arasında artan narahatlıq, depressiya, özünə zərər vermə düşüncələri və intihar düşüncələri ilə əlaqələndirib.
İddiada deyilir ki, şagirdlər narahatlıq və depressiya da daxil olmaqla müxtəlif psixi sağlamlıq problemləri ilə üzləşdikcə, məktəblər təhsil missiyasını yerinə yetirə bilmirlər.
Sosial media şirkətlərinin məhsullarının yeniyetmələrə vura biləcəyi potensial zərərə görə məsuliyyət daşıması ideyası 2021-ci ilin sonlarında Meta-nın keçmiş əməkdaşı Frensis Hagenin daxili əməliyyatları ilə bağlı sənədləri ifşa etdikdən sonra ortaya çıxdı.
Hagenin ittihamları arasında Metanın daha çox qazanc əldə etmək üçün həssas yeniyetmələri bilərəkdən ovladığı iddiası da var idi.