Novruz dünyada sülh və təhlükəsizliyə zəmin yarada bilər
İran İslam Respublikasının Britaniyadakı səfiri Novruzun regionda və dünyada sülh və təhlükəsizliyə zəmin yaradacağına ümidvarlığını bildirib.
İRNA-nın verdiyi məlumata görə, Həmid Bəidinejad dünən gecə Londonda Ümumdünya Novruz Günü mərasimində 2010-cu il fevral ayında Novruzun Birləşmiş Millətlər Təşkilatı tərəfindən Ümumdünya Gün olaraq qəbul edilməsini xatırladıb və deyib: Novruz sadəcə İranda baş verən mədəni hadisə deyil, bu bütün regiona yayılıb və Azərbaycan Respublikası, Özbəkistan, Qazaxıstan, Əfqanıstan və Türkiyə kimi ölkələrdə də qeyd olunur və bu da Novruzun əhəmiyyətini göstərir.
Bu mərasimdə Britaniya xarici işlər nazirinin Orta Şərq məsələləri üzrə müavini Alister Burt da Novruzun regionda sülh və təhlükəsizliyin bərqərar olunması istiqamətində danışıqlar üçün bir fürsət yaratdığını deyib.
Novruz mərasimləri dünən gecə Britaniyadakı xarici diplomatiya mərkəzlərinin nümayəndələri və tanınmış yerli alimlər eləcə də Britaniyada yaşayan iranlıların iştirakı ilə Londonda İİR-nin səfirliyi binasında keçirilib.