Dieqo Maradona vəfat edib
Futbol əfsanəsi Dieqo Maradona vəfat edib.
SəhərAzəri xəbər verir, Argentina millisinin sabiq futbolçusu və baş məşqçisi 60 yaşında dünyasını dəyişib.
Cənubi amerikalının ölümünə ürək dayanması səbəb olub.
Maradona cari ayın əvvəllərində beynində qan laxtalanması səbəbindən Buenos-Ayresdəki bir xəstəxanada əməliyyat keçirdi və həkimlərin əməliyyatın uğurlu olduğunu bildirmələrindən sonra öz evində sağalma mərhələsini keçirməkdə idi.
Maradona futbol tarixinin ən böyük ulduzlarından biri idi və çoxları onu bu idman növündə tarixin ən yaxşı oyunçusu hesab edirlər.
O, futbolda əsrin ən gözəl qolunun yaradıcısı idi. Belə ki, driblinq edərək, altmış metrlik bir məsafədən topu İngiltərə komandasının qapısına vura bilmişdi.
Bu sevimli futbol ulduzu 1986-cı il dünya çempionatında özünü fövqəladə şəkildə göstərərək, Argentina komandasının dünya çempionu olmasına zəmin yaratdı.
O, son zamanlar ölkəsinin "Gimnasia y Esgrima La Plata" futbol klubunun baş məşqçisi olmuşdu.