Fələstinin Azərbaycandakı Səfiri açıqlama verdi
Nasir Əbdül-Kərim: İsrail hərbi cinayət törədir
Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Nasir Əbdül-Kərim son hadisələrlə bağlı bəyanat yayıb.
Fələstin səfirliyindən daxil olan bəyanatda bildirilir:
“Son günlər Fələstindən dəhşətli görüntülər işıq surəti ilə yayılır. Ürək parçalayan görüntüləri tanış hislərlə dəhşət içində izləyirik, Biz sivil insanların hədəf alınmasına qarşıyıq və hər yerdə həyatlarını itirən günahsız insanların yasını tuturuq və bilirik ki, on illərdir günahsız fələstinlilərin həyatları riskə məruz qalıb”.
Səfir qeyd edib ki, əhalinin məskunlaşdığı ərazilərdə hər nöqtəni hədəfə alan intensiv, ardıcıl bombardman, ətraf yaşayış yerlərinin yox edilməsi, insanların on yeddi ildir qəfəsdə saxlanıldığı dünyanın ən böyük açıq hava həbsxanası, dünyada özlərini beynəlxalq hüququn müdafiəçiləri olduqlarını iddia edən beynəlxalq arenadakı bəzi güclərdən kart-blanş aldıqdan sonra himayədarlarının xeyir-duası ilə nüvə dövləti olan İsrail tərəfindən həyata keçirilən kollektiv cəzalandırma beynəlxalq hüquqa əsasən müharibə cinayətidir.
Münaqişənin tarixinə toxunan Nasir Əbdül-Kərim bəyanatında vurğulayıb ki, 1967-ci ildən İsrail aparteid rejimi bütün amansız üsullarından istifadə edərək insanlıq tarixində ən uzunmüddətli hərbi işğalın icraçısıdır.
“Dünya gücləri İsrailin amansız müstəmləkəçi aparteid sistemini bütün siyasi, diplomatik və hərbi örtüklərlə dəstəkləyir və onu lazım olan alətlərlə maliyyələşdirir. İroniya ondadır ki, həmin bu güclər yalnız sözdə iki dövlət haqqındakı qətnaməni dəstəkləyir, amma BMT və planetin 2/3-nin əksinə işğal edilmiş Fələstin Dövlətini tanımaqdan imtina edirlər. BMT-nin müvafiq qətnamələrini yerinə yetirmək və İsraili məsuliyyətə cəlb edilməklə Fələstinin işğalına və aparteid rejiminə son qoyaraq davam edən faciəvi situasiyanın qarşısını almaq və minlərlə insanın həyatını xilas etmək olardı”, - deyə səfir bəyanatında vurğulayıb.