İyul 23, 2023 21:44 Asia/Baku
  • İşğal olunmuş Fələstində Netanyahuya qarşı ən böyük etiraz aksiyası keçirilib; Yarım milyondan çox insan aksiyaya qatılıb

İşğal olunmuş Fələstində yüz minlərlə insan sionist rejimin baş naziri Benyamin Netanyahunun ifrat sağçı kabinetinə qarşı son altı ayın ən böyük nümayişində Təl-Əviv, Qüds və digər şəhərlərdə küçələrə axışıb.

Təl-Əvivdə, təxminən 100,000 nümayişçi Netanyahunun kabinetinin təşəbbüsü ilə təklif olunan məhkəmə dəyişikliklərinə kəskin etirazlarını bildirmək üçün şənbə günü axşam saatlarında şəhərin mərkəzində toplaşıb.

Sionist rejimin televiziya şəbəkəsi olan Kanal 13 bildirib ki, Təl-Əvivdə keçirilən etiraz aksiyası son altı ayda ən böyük etiraz aksiyası olub.

İşğal altında olan Qüds və Hayfada da minlərlə sionist toplaşıb.

İşğal altında olan Qüdsdə ən azı 85 min nəfərlik izdiham İsrail parlamenti Knessetin qarşısına toplaşaraq, təklif edilən məhkəmə islahatlarına etirazlarını bildiriblər. 

Etirazçılar mübahisəli qanun layihəsinə səsvermənin yaxınlaşdığı bir vaxtda yaxın günlərdə Knessetin xaricində iştiraklarını davam etdirəcəklərini bəyan edərək, müvəqqəti çadırlar qurublar.

Etirazçıların bir neçəsinin sionist rejimin müharibə naziri Yoav Qallantın evi yaxınlığında toplaşdığı da bildirilir. 

Etiraz təşkilatçılarının hesablamalarına görə, şənbə günü axşam saatlarında işğal olunmuş Fələstində keçirilən geniş nümayişlərdə təxminən 550 min insan iştirak edib.

Netanyahunun kabineti məhkəmə dəyişikliklərini iyulun sonunda yay tətili başlamazdan əvvəl qəbul etmək niyyətindədir.

Tənqidçilər iddia edirlər ki, Netanyahu məhkəmə sistemi üzərində nəzarəti həyata keçirməyə və hakimləri kabinetinin xeyrinə zəiflətməyə çalışır.

Bununla belə, ekspertlər işğal olunmuş ərazilərdə davam edən nümayişlərin sionist rejimin mövcudluğuna etiraza çevrildiyini bildirirlər.

Teqlər