Vəhdət - günümüzün əsas ehtiyacı
"Hamılıqla Allahın ipinə möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!" (Ali-İmran, 103).
Hər cür irqi, milli, məzhəbi mənsubiyyətə malik müsəlmanlar arasındakı vəhdət ideyasının ilkin mənbəyi Qurandır desək, səhv etmərik.Yaşı İslamın özü ilə əkiz olan Qurani-Kərim dönə-dönə müsəlmanları birliyə, qardaşlığa və anlaşmaya də’vət edir. Ali-İmran surəsinin 103-cü ayəsində Allah-Təala buyurur: Hamınız Allahın ipindən möhkəm yapışın və ayrılmayın!".Qur’ani-Kərimin Hucurat surəsinin 10-cu ayəsində bu fikir daha da qüvvətləndirilmişdir: "Həqiqətən möminlər qardaşdırlar. Elə isə iki qardaşınızı bir-biri ilə mehriban edin və Allahdan qorxun; bəlkə rəhm olunasınız".Ali-İmran surəsinin 105-ci ayəsində isə müsəlmanlar arasında qərəzli şəkildə ixtilaf və düşmənçilik yaradan şəxslər ilahi əzabla qorxudulurlar: "Açıq-aşkar dəlillər gəldikdən sonra bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar!".
İslam Peyğəmbərinin davranışında vəhdət meyilləri
Peyğəmbərimiz Məkkədən Mədinəyə köçdükdən sonra ilk müsəlman icmasını yaradarkən həyata keçirdiyi tədbirlər sırasında ilk yeri müsəlmanlar arasında qardaşlıq əhdi bağlamaq tutmuşdu. Mədinənin yerli əhalisi (ənsar) ilə Məkkədən köçənlər (mühacirlər) arasında mehribanlıq yaratmaq məqsədilə o, hər tərəfdən bir nəfər seçərək onları qardaş elan etdi. Məsələn, Peyğəmbərin əmri ilə Əbu Bəkr - Xaricə ibn Zuheyrlə, Ömər ibn Xəttab - Ətəban ibn Maliklə, Osman ibn Əffan - Əvs ibn Sabitlə qardaş oldular. Həzrəti Rəsulullah isə özü ilə Əli ibn Əbu Talib arasında qardaşlıq əhdi bağladı (Sireyi-ibn Hişam, I cild, səh. 337-338).Həzrəti Muhəmməd (s) bütün fəaliyyət müddəti boyunca yalnız Allahı inkar edən şəxslərlə (kafirlər və müşriklərlə) müharibələr aparmış, kəlmeyi-şəhadəti söyləyən hər bir şəxsi müsəlman icmasının bərabərhüquqlu üzvü kimi qəbul etmişdir. Peyğəmbərimiz dəfələrlə buyurmuşdur ki, o, insanlarla Allahın varlığını və onun peyğəmbərliyini qəbul edincəyə kimi döyüşməklə vəzifələndirilib. İslam əsgərlərinə qəti əmr olunmuşdu ki, döyüş əsnasında ölüm qorxusundan olsa belə, kəlmeyi-şəhadəti söyləyən və təslim olan hər bir düşmənə aman versinlər.Peyğəmbərimizdən rəvayət olunan bir hədisdə buyurulur: "Kim "La ilahə illəllah" deyib Allahdan başqa tanrıları rədd etsə, Allah onun malını və qanını başqalarına haram edər. Bu adamın hesabı da yalnız Allaha aiddir" (Səhihi-Muslim, İman, 37).Sunəni-İbn Macədə rəvayət edilən bir hədisə əsasən, Peyğəmbərimiz buyurmuşdur: "Hər kim "Allahdan başqa tanrı yoxdur; o, təkdir və şəriksizdir. Muhəmməd (s) Allahın bəndəsi və elçisidir" - desə, heç kimin ona toxunmağa haqqı yoxdur. Yalnız həddi pozarsa (günah edərsə), haqqında cəza tətbiq olunmalıdır" (Sunəni-İbn Macə, 2539).Həmin kitabdakı başqa bir hədisə görə Həzrəti Muhəmməd peyğəmbər (s) buyurmuşdur: "Müsəlmanı söymək fisqdir, öldürmək isə küfrdür" (Sunəni-İbn Macə, 3940).
Əhli-beytin davranışında vəhdət meyilləri
İslam Peyğəmbərinin vəfatından sonra İmam Əli (ə) özünü xilafətin yeganə əsl sahibi bildiyi halda, müsəlmanlar arasında təfriqə düşməməsi xatirinə açıq mübarizədən çəkindi. Bir neçə ay fasilədən sonra o özü də xəlifəyə beyət etdi və tərəfdarlarını da beyət etməyə çağırdı. Bu hərəkət İmam Əli (ə) üçün nə qədər ağır olsa da, o, müsəlmanların ümumi mənafeyi xatirinə bu yolu qəbul etdi. "Nəhcu'l-bəlağə"dəki məşhur "Şiqşiqiyyə" xütbəsində İmam Əli (ə) öz vəziyyətini belə təsvir edirdi: "Fikirləşəndən sonra bu nəticəyə gəldim ki, səbir etmək ağla daha uyğundur. Ona görə də gözünə tikan batmış, boğazında sümük qalmış adam kimi səbr etdim..."Xilafəti dövründə söylədiyi xütbələrin birində İmam Əli (ə) həmin günləri belə xatırlayırdı: "Mən gördüm ki, səbir etmək müsəlmanlar arasında təfriqə salıb qan tökməkdən daha yaxşıdır. Çünki camaat İslam dinini yenicə qəbul etmişdi. Din, qaynayıb üzünə köpük çıxmış südə bənzəyirdi. Azacıq diqqətsizlik və tərpəniş nəticəsində korlana bilərdi" (İbn Əbi'l-Hədid - "Nəhcu'l-bəlağə"nin şərhi, VIII cild).Həzrəti Əli (ə) misirlilərə ünvanladığı məktubda belə yazırdı: "Gördüm ki, bə’ziləri dindən dönüb, peyğəmbərin dinini məhv etmək üçün çalışırlar. Belə bir şəraitdə qorxdum ki, əgər Allahın dininə yardım etməsəm, İslam küfrə məğlub olar, ya da tamam məhv olar. Bunu görmək mənim üçün sizin üzərinizdə hakimliyi itirməkdən daha ağırdır..."Peyğəmbərin vəfatının ardınca xəlifə seçkisindən sonra Əlinin (ə) tərəfdarlarından biri şeir qoşub uca səslə oxumağa başladı. O öz şeirində xilafətin Əliyə (ə) deyil, başqa şəxsə ötürülməsini tənqid edirdi. İmam Əli (ə) məsələdən xəbərdan olan kimi həmin adama xəbər göndərdi ki, daha şeirinin ardını oxumasın. Bu zaman o, aşağıdakı belə söyləmişdi: "Dinin salamatlığını qalan hər şeydən çox istəyirəm" (İbn Əbi'l-Hədid - "Nəhcu'l-bəlağə"nin şərhi, 6-cı cild).İmam Əli (ə) beş illik zahiri xilafət dövründə də firqələrə parçalanan, siyasi qruplaşmalara qoşulub bir-birinə qarşı silah çəkən müsəlmanları birləşdirməyə çalışırdı. O, xütbələrinin birində deyirdi: "Camaat, fitnə dalğalarını nicat gəmisi ilə yarıb parçalayın! İxtilaf və nifrət törətməkdən əl çəkin! Fəxr və lovğalıq tacını kənara qoyun!"Yalnız Əli (ə) deyil, digər imamlar da həmişə İslam dininin mənafeyi naminə vəhdət ideyasını müdafiə etmiş, öz davranışları ilə buna nümunə olmuşlar. İmam Cəfər Sadiq (ə) kəlmeyi-şəhadəti söyləməyin müsəlmanlıq üçün kafi şərt olduğunu təsdiq edərək buyururdu: "İslam - "La ilahə illəllah"a şəhadət vermək və Rəsulullahı təsdiq etməkdir. Bununla qanlar qorunur, nikah və irs məsələləri həyata keçirilir" (Kafi, Kuleyni, İman və küfr, 15-ci bab, hədis 1).
Qarşıdurmanın əsas səbəbləri
1400 illik İslam tarixi boyunca şiə və sünnilərin vəhdətinə mane olan səbəbləri araşdırarkən aşağıdakı 4 səbəbin mövcudluğu ilə qarşılaşırıq:
Cahillik və məzhəblərin bir-birini tanımaması
Məzhəblərin yaxınlaşması qarşısında duran maneələrdən biri - cəhalət və xəbərsizlikdir. Kifayət qədər elmi hazırlığı olmayan həm şiə, həm də sünni məzhəbli müsəlmanlar qarşı tərəfin əqidə prinsipləri və ehkam maddələri ilə tanış olmadan tənqidə başlayırlar; bu zaman da anlaşılmazlıqlar yaranır. Nəhayət, təsadüf nəticəsində həqiqət ortaya çıxdıqdan sonra tərəflər nə qədər səhv mövqedə durmuş olduqlarını anlayırlar. Amma həqiqətin zühuru bəzən çox yubandığı üçün cəhalət və xəbərsizlik öz işini görür, ziddiyyət xeyli dərinləşir.Vəhdət hərəkatının bayraqdarlarından olmuş Şeyx Mühəmməd Təqi Qummi yazırdı: "Əgər şiə və sünni məzhəblərinin adının kökünə diqqət yetirsək görərik ki, elə bütün müsəlmanlar şiədirlər, çünki onların hamısı Peyğəmbərin nəslini sevir. Eyni zamanda, həm də hamı sünnidir. Çünki müsəlmanların hamısı Peyğəmbərin sünnəsini izləməyi lazım bilir. Beləliklə, biz hamımız sünni, şiə, qurani və muhəmmədiyik".
Təəssübkeşlik və inadkarlıq
Məzhəblərin yaxınlaşması qarşısında maneə yaradan növbəti amil - məzhəbçilik təəssübüdür. Adət-ənənələrə, ata-baba qaydalarına bağlı olan bəzi şəxslər dostluq və birlik fikrini heç təsəvvürlərinə də gətirə bilmir, bu yolda atılan hər addımı "öz məzhəbini qurban vermək" kimi başa düşürlər.Məhz bu təəssübkeşliyi aradan qaldırmaq məqsədilə 1948-49-cu illərdə şiə və sünni aləminin aparıcı simalarının təşəbbüsü ilə Misirdə "Daru't-təqrib beynəl-məzahibi'l-islamiyyə" (İslam məzhəbləri arasında yaxınlaşma təşkilatı) adlı qurum yaradıldı. Bu mərkəz öz fəaliyyəti boyunca "Risalətu'l-İslam" adlı rüblük jurnal nəşr etdirirdi ki, həmin jurnalın yazarları sırasında o dövrün ən məşhur islamçı müəlliflərindən Fərid Vəcdi, Əhməd Əmin, Mahmud əl-Əqqad, Muhəmməd Əbu Zöhrə, Ayətullah Kaşifu'l-Qita və s. simalar da var idi. "Daru't-təqrib" cəmiyyəti İranda əhli-sünnə alimlərinin, Misirdə isə şiə müəlliflərinin klassik əsərlərini çap etdirir, müştərək konfrans və simpoziumlar keçirirdi. XX əsr İslam maarifçilik hərəkatının liderlərindən biri mərhum doktor Əli Şəriəti təəssübkeş çıxışların nə qədər mənasız və qeyri-məntiqi olduğunu göstərirdi. O, bəzi tarixi hadisələri şişirdərək günün mövzusuna çevirməyin necə gülünc nəticələr verəcəyini göstərmək məqsədilə bir hadisəni misal çəkir. Doktor Şəriəti yazır ki, şah dövründə İranda yaşamış Seyyid Hüseyn Vaizi Səbzəvari adlı bir şəxs özünü Həzrəti Fatimeyi-Zəhranın (ə) qanuni varisi elan edərək Fədəkə sahib olmaq üçün barədə iddia qaldırıbmış. O, Fədək bağına bir dirhəm qiymət qoyaraq, bağın 1380 illik icarə haqqını tələb etmək üçün birinci xəlifə Əbu Bəkr ibn Əbu Quhafəni məhkəməyə verib (ölümündən 1380 il sonra), bu barədə rəsmi iddia protokolu ilə Səbzəvar dairə məhkəməsinə müraciət edibmiş. Nə qədər gülünc və mə’nasız hadisədir! XX əsrin əvvəllərində həm şiə, həm də sünni ölkələrinin gömrükxanalarında qarşı məzhəbə məxsus kitablar və elmi mənbələr müsadirə edilir, hətta yandırılırdı. Məsələn, ərəb ölkələrində şiə kitablarını yığıb məhv edir, İranda sünni kitablarını yandırırdılar.Mərhum Ayətullah Seyyid Əbdülhüseyn Lari bu işlərə e’tiraz edərək buyururdu: "Məhv edilən kitabların əksəriyyəti Quran təfsiri, ilahi ehkam və şəriət mövzusundadır. Onları məhv etmək İslam nişanələrinə hörmətsizlik göstərmək deməkdir və bütün bunlar ilahi cəzaya səbəb olacaqdır".
Siyasi səbəblər və daxili amillər
Vəhdət ideyasının qarşısında duran ən mühüm maneə - dünyapərəst müsəlman dövlətlərinin təfriqəçi və istismarçı siyasətidir. Təəssüf ki, zaman-zaman bəzi müsəlman liderləri öz siyasi məqsədlərinə nail olmaq üçün nəinki vəhdət ideyalarını müdafiə və himayə etməmiş, hətta onun kökünü baltalamağa çalışmışlar.Dini təfriqədən siyasi məqsədlər üçün istifadəni aşağıdakı tarixi misallar gözəl nümayiş etdirir:Qəznəvilər dövlətinin qüdrətli hökmdarı Sultan Mahmud Qəznəvi öz imperiyasının sərhədlərini şiə əraziləri hesabına genişləndirməsinə bəraət qazandırmaq üçün deyirdi: "Mən bir rafizi (qədim dövrlərdə şiələrə təhqir məqsədilə "rafizi", yə’ni "dindən çıxmış" deyirdilər) tapmaq və dara çəkmək üçün dünyanı dolaşan barmağam!"Dünya şöhrətli Əmir Teymur da Xorasanda hakim olan Sərbedaranlar dövlətini məhv edib həmin ərazini tutmaq üçün məzhəbi amildən istifadə etmişdi. Teymurləngin fəthlərindən bəhs edən "Mənəm Teymuri-cahangüşa" kitabında yazılıb ki, o, Səbzəvarı tutduqdan sonra əhalini "rafizi" adlandıraraq əmr verir ki, hər on kəsilmiş baş gətirən əsgərə bir dinar mükafat versinlər. Fürsəti əldən buraxmayan əsgərlər 150 min baş gətirərək, 15 min dinar mükafat alırlar. Teymur əmr verir ki, şəhərin kənarında kəsik başlardan üzü qibləyə sarı ehram (piramida) düzəltsinlər. Şahidlərin yazdığına görə, ehramın hündürlüyü 30 metrdən artıq imiş.Şübhə yoxdur ki, siyasi zəmində şiə-sünni qarşıdurması Səvəfi-Osmanlı müharibələri dövründə özünün ən yüksək nöqtəsinə çatmışdır. Dini-məzhəbi pərdə arxasında aparılan bu müharibələrin əsas məqsədi torpaq ələ keçirmək və siyasi hegemonluq əldə etmək idi. Səfəvilər dövrünün alimlərindən biri fətva vermişdi ki, cümə günləri məsciddə xəlifələrə lə’nət oxunsun. O, hicri 917-ci (miladi 1511-ci) ildə bu barədə risalə yazaraq Şah İsmayıl Xətaiyə təqdim edir, amma şahın razılığını ala bilmir. Şah İsmayılın vəfatından sonra hakimiyyətə gələn Şah Təhmasib isə buna icazə verir (Mustafa Şeybi, "Şiəlik və sufilik", səh.392-393).Ümid hissi ilə deməliyik ki, son onilliklər ərzində fəaliyyət göstərmiş "Daru't-təqrib" cəmiyyətinin sə’yləri nəticəsində siyasi təəssübkeşlik halları nisbətən zəifləməyə doğru üz tutmuşdur. Bu sahədə həlledici addımın müəllifi - mərhum Şeyx Mahmud Şəltutdur. Məhz Şeyx Şəltut 1960-cı ildə tarixdə ilk dəfə olaraq, bir əhli-sünnə müftisi kimi, cəfəri məzhəbinin normal bir məzhəb olması barədə fətva vermişdir. Bu böyük alim əhli-sünnə aləmində sonsuz nüfuzuna arxalanaraq, tam cəsarətlə aşağıdakı məzmunlu fətvanı vermişdi: "Əhli-sünnənin hənəfi, şafii, maliki və hənbəli məzhəbləri ilə yanaşı, 12 imamçı cəfəri şiəliyi də tam bərabərhüquqlu bir məzhəbdir və bu məzhəbin qanunlarına əməl etmək caizdir". 70-ci illərdə siyasi zəmində dini konfliktlərin aradan qaldırılması sahəsində səylər davam etdirilirdi. 1977-ci ildə Səudiyyə Ərəbistanında nəşr olunmuş dərs kitablarının birində şiələrin ünvanına təhqiramiz sözlər yazılmışdı. Qum şəhəri alimlərinin e’tiraz məktubu ilə tanış olan Misir müftisi, Əl-Əzhər universitetinin rektoru Əbdülhəmid Mahmud həmin kitabın naşirlərinə öz qəti e’tirazını bildirərək kitabın yayılmasının qarşısını almaq barədə sərəncam verdi və şiə müsəlmanlardan üzr istədi.
Qərb imperialist qüvvələrinin fitnələri
Son bir neçə əsr ərzində İslamın inkişafından qorxuya düşən qeyri-müsəlman dünyası bu inkişafa mane olmaq üçün hər cür vasitəyə əl atmışdır. Öz məqsədinə nail olmaq üçün Qərbin əlində ən əlverişli vasitə - İslam məzhəbləri arasına ayrıseçkilik salmaq və vəhdəti pozmaqdır. Xüsusilə, son 200 il ərzində müsəlman aləminin təfriqə səbəblərini araşdırdıqda Qərb imperializminin izləri ilə rastlaşırıq. Dərin zəkaya malik İslam mütəfəkkirləri düşmən qüvvələr qarşısında müsəlmanların möhkəm durmaları üçün mütləq birləşmələrinin lazım olduğunu anlayaraq müsəlman ümmətini hər vasitə ilə birləşməyə çağırmışlar. Hal-hazırda İslam birliyini daxildən zəiflədən məzhəb ayrıseçkiliyi Qərbə fürsət vermişdir ki, İslam torpaqlarının əksəriyyətini ya əsarət, ya da nəzarət altında saxlasınlar. İran İslam inqilabının rəhbəri Mərhum İmam Xomeyni buyururdu: "Keçmişdəki kimi, bu gün də müsəlmanların bədbəxtliyi bundadır ki, əzəmətli İslam bayrağı altında birləşməyib təfriqəyə düşüblər. Müsəlmanlar İslamın hökmünə əsasən əlbir olmalıdırlar ki, istilaçı əcnəbilərin əlini öz ölkələrindən kəsə bilsinlər".XX əsrin ən böyük cəfəri alimlərindən sayılan mərhum Ayətullah Məhəmməd Hüseyn Kaşifül-Qita dünyanın siyasi vəziyyətini nəzərə alaraq aşağıdakı məzmunlu fətva ilə çıxış edirdi: "İslam məzhəbləri arasında mübahisələr aparmaq özü-özlüyündə şəriət baxımından haram deyildir. Amma hər tərəfdən düşmənlərlə əhatə olunduğumuz indiki şəraitdə bu iş qəti surətdə haramdır".XX əsrdə məzhəblər arasında dostluq və qardaşlıq yaratmaq uğrunda yorulmadan mübarizə aparmış iki alimin fəaliyyəti xüsusilə diqqətəlayiqdir. Bu alimlərin biri mərhum Seyyid Şərafuddin Amulidir. O, sünni aləminin böyük şəxsiyyətləri ilə mütəmadi olaraq yazışır, cəfəri məzhəbi barədə onlarda yaranmış mənfi rəyi dəyişdirməyə çalışırdı. Seyyid Şərafuddinlə uzun yazışmalardan sonra Əl-Əzhər universitetinin (Misir) o zamankı rektoru Şeyx Səlim Bişri bildirirdi: "Mən təəssübkeş və zalım şəxslərin töhmətlərinə uyaraq şiələr haqqında yanlış təsəvvürdə idim. Çox şükür olsun ki, Allah bizim birləşməyimiz üçün şərait yaratdı, mən sizin bələdçiliyiniz altında elm çırağınızın nurundan bəhrələndim. Bunun üçün aləmlərin rəbbi olan Allaha həmd edirəm" (Seyyid Şərafuddin, "Əl-Muraciat").Bu istiqamətdə geniş fəaliyyət göstərmiş ikinci şəxsiyyət İraq müsəlmanlarının islami azadlıq hərəkatının lideri şəhid Ayətullahu'l-uzma Seyyid Məhəmməd Baqir Sədr idi. O, İraqın həm şiə, həm də sünni məzhəbli müsəlmanlarının qüvvəsini eyni bir məcraya yönəltmək yolunda mübarizə aparırdı. Şəhid Sədrin aşağıdakı sözləri onun ümumislam vəhdəti barəsində sağlam dünya görüşünə malik olduğunu açıq göstərir: "Mən bütün ömrümü şiə ilə sünninin qardaşlığı yolunda sərf etmişəm. Onların vəhdətinə səbəb olan hər fikri, hər əqidəni müdafiə və himayə etmişəm. Mən şiənin qardaşı və övladı olduğum kimi, əhli-sünnənin də qardaşı və övladıyam".İslam vəhdəti ideyalarından danışarkən Seyyid Cəmaləddin Əsadabadi barəsində söz açmamaq olmaz. Bütün ömrünü çətinliklər məngənəsində və sürgünlərdə keçirmiş Seyyid Cəmaləddin Əsadabadi (1838-1897), heç şübhəsiz, vəhdət hərəkatının yeni dalğasının banilərindən sayıla bilər. Bu böyük şəxsiyyətin fəaliyyəti Qərb imperialist qüvvələrinin müsəlman ölkələrindəki nüfuzuna ağır zərbə vururdu. Seyyid Cəmaləddin Misirdə yaşadığı dövrdə (1871-79) azadlıq və istiqlal yolunu tutmuş "Hizbu'l-vətəni" partiyasını təşkil edir. Qısa müddət ərzində bu partiya ingilislərin Misirdəki nüfuzunu xeyli aşağı salır. İngiltərənin ticarət və iqtisadiyyatı Misirdə ziyana uğrayır. Bu dövlətin 80 nəfər nüfuzlu iş adamı Misirdən çıxıb getməli olur, ingilis şirkətlərinin çoxu müflis olaraq bağlanır.İngiltərənin Misirdəki dövlət nümayəndəsi Lord Krumer öz vətəninin dövlət başçılarına ünvanladığı məktubda yazırdı: "Müsəlman ziyalıları tərəfindən heç bir qanun pozuntusu və səhv görünmür. Burada heç kimi müqəssir saymaq olmaz. Amma diqqətinizə çatdırıram ki, əgər "Hizbu'l-vətəni" bir il də yaşasa və onun başçısı, Qərbi və Mərkəzi Asiyanın, Şərqi və Şimali Afrikanın müasir lideri Seyyid Cəmaləddin Əsədabadi Misirdə asudə qalsa, Böyük Britaniyanın Afrika qitəsindəki ticarət və siyasəti tamamilə məhv olacaq və hətta Avropanın hegemonluğundan əsər-əlamət qalmayacaq".Seyyid Cəmaləddin Parisdə "Urvətu'l-vusqa" qəzetini nəşr etdirərkən ingilislər bu qəzetin müsəlman ölkələrinə gətirilməsinə hər vasitə ilə mane olmağa çalışırdılar. Hətta Hindistanda elan edilmişdi ki, hər kimdə bu qəzetiin nüsxəsi tapılsa, 25 lirə (200 funt-sterlinq) məbləğində cərimə ediləcəkdir.Seyyid Cəmaləddin Əsədabadi yazırdı: "Ey əcəm əhli! Elm qəhrəmanlarınızı yada salın, İslami əsərlərinizə diqqət yetirin. İslami vəhdətin bünövrəsi olun, necə ki, əvvəldə onu qorudunuz. İslam vəhdətini irəli çəkməklə başqa müsəlman millətləri qabaqlayın". Əsədabadi öz dövrünün bütün aparıcı müsəlman dövlətlərinin başçılarına köməklik və himayə təklifi ilə müraciət etsə də, həmişə rədd cavabı ilə qarşılanırdı. Çünki o, monarxiya rejimini devirərək, seçkili hakimiyyət sistemini (şura) təklif edirdi. Öz taxt-tacını əldən verməyə heç cür razı olmayan İran, Türkiyə, Misir və Ərəbistan hökmdarları son nəticədə Seyyid Camalın düşməninə çevrildilər. Hətta 1886-cı ildə İran şahı ilə münaqişədən sonra Seyyid Camal Peterburqa gedib Rusiya çarını İngiltərə əleyhinə mübarizəyə qaldırmağa çalışarkən, çar ondan soruşur: "Nasirəddin şahla aranızın dəyməsinə nə səbəb oldu?" Seyyid Cəmaləddin cavab verir: "Mən ona şura sistemini təklif etdim, o isə razı olmadı". Seyyidin gözlədiyinin əksinə olaraq, rus çarı da İran şahının fikrini müdafiə edərək deyir: "Şah səninlə razılaşmamaqda düz edir. Hansı hökmdar razı olar ki, gözü görə-görə onu taxt-tacdan salıb hakimiyyəti şuraya tapşırsınlar?!"Bütün bu tarixi faktları nəzərə alsaq görərik ki, tarix boyu müxtəlif qüvvələr müsəlman ümmətinin birliyinə hər yolla mane olmağa çalışmışlar. Çünki sirr deyil ki, güc yalnız birlikdədir. Ona görə də, hər bir müsəlman təəssübkeşlikdən və təfriqələrdən qaçmalı, müsəlman ümmətinin vəhdətini qüvvətləndirmək üçün əlindən gələni etməlidir. Dinimizin əmri də budur.