İyul 20, 2020 22:33 Asia/Baku
  • İmam Cavad (ə)-ın şəhadət gününün il dönümü

Çərşənbə axaşamı 29 Zilqədə 1441-ci Hicri Qəməri ili, 31 Tir 1399-cu Günəş ili, 21 iyul 2020-ci milad ili İmam Məhəmməd Təqi Cavad(ə)-ın şəhadəti günüdür.

SəhərAzəri - Hicri tarixi ilə 195-ci ildə şiələrin intizarı sona çatdı və həzrət imam Məhəmməd Təqi əleyhissalam Mədinə şəhərində Xəyzəran adlı anasından dünyaya göz açdı. Xəyzəran Peyğəmbərin həyat yoldaşı olan Mariyə Qibtiyyənin nəslindən idi ki, ərəblərin arasında paklıq və insanlıq kimi dəyərli sifətlər ilə tanınmışdır.

Cəmi 25 il ömrü olan imam Cavad (ə) 17 il müsəlmanlara rəhbərlik edib. Atası imam Rza (ə) Məmun tərəfindən şəhid edildikdə İmam Məhəmməd Təqinin (ə) cəmi 8 yaşı olub.

Doqquzuncu imam Cavad (ə) doqquz yaşında ikən imamlıq vəzifəsinə çatıb. İmamın səhabələrindən biri bu barədə belə deyir: "Mədinədə o həzrətin əmisi Әli ibni Cəfər xalq arasında xüsusi hörmət sahibi idi və hər vaxt məscidə gəldikdə hamı ətrafına yığışıb məsələlərini ondan soruşurdular."

İmamın şəhid olması barədə müxtəlif rəvayətlər nəql olunmuşdur. Böyük tarixçi İbni Şəhraşub bu barədə belə yazıbdır:"Mötəsim imama qarşı bəslədiyi kin-küdurət üzündən imamın arvadı Ümmü Fəzli o həzrəti öldürməyə təhrik etdi. Müxtəlif vədə və həvəslər Ümmü Fəzli imamı zəhərləyib şəhid etməyə vadar etdi. O həzrət (ə) 220-ci Hicri-qəməri ilində 25 yaşında ikən, şəhid olundu. Pak bədənini babası imam Museyi Kazim əleyhissalamın qəbrinin yanında torpağa tapşırıldı. Bu iki imamın məzarı Kazimeyn adı ilə tanınır və şiələrin ziyarətgahıdır".

Rəvayətlərə görə, kiçik olmasına baxmayaraq, imam Cavad (a) atası şəhid edildikdən sonra, onu Xorasanda Məmunun sarayında ziyarət edib. Hazırda Məşhəd şəhərindəki imam Rizanın (ə) ziyarətgahına aparan qapılardan biri bu hadisəyə işarə edərək "Bab ul-Cavad" (Cavad qapısı) adlanır.

Həzrətin ləqəblərinə misal olaraq Təqi və Cavad adlarını nümunə göstərmək olar.

İmam Cavad (ə)-ın həyatından bəzi rəvayətlər

İmam Rza əleyhissalamın bacısı Həkimə belə deyir:"Həzrətin dünyaya gəldiyi gecə qardaşım mənə əmr etdi ki, həyat yoldaşının yanında olum. Körpə dünyaya gəldikdən sonra göyə baxıb tövhid və islam peyğəmbərinin risalətinə şəhadət verdi. Mən bu hadisədən sarsılaraq qardaşımın yanına gəlib əhvalatı olduğu kimi ona danışdım." Qardaşım isə mənim cavabımda belə buyurdu: "Bacı, narahat olma hələ bundan sonra da maraqlı hadisələrin şahidi olacaqsan."

Bu təvəllüd çox mübarək və ümidverici idi. Çünki şiələri çaşqınlıq və şək-şübhədən qurtarmışdı.

Bu barədə Növfəli belə demişdir:"Həzrəti İmam Rza əleyhissalamdan Xorasan səfəri əsnasında "mənə görə bir əmriniz yoxdurmu?" - deyə soruşdum. Həzrət (ə) buyurdu: "Sən məndən sonra övladıma tabe olmalı və məsələlərini ondan soruşmalısan."

İmam (ə) həmişə əshabına belə buyururdı: "Mənə yazıb məndən soruşmağınız lazım deyil. Məndən sonra imam olan bu balaca uşaqdan soruşun." Әshabından bəziləri bu uşağın ümmətə rəhbərlik vəzifəsini necə yerinə yetirəcəyini təəccüblə soruşduqda, o həzrət (ə) buyurardı: "Allah-taala həzrəti İsanı Әbucəfərdən daha kiçik ikən peyğəmbərliyə seçdi. Peyğəmbərlik və imamlıqda yaşın müəyyən bir təsiri yoxdur."

Teqlər

Şərhlər