Azərbaycana turist axını artıb
-
Azərbaycana turist axını artıb
Azərbaycana turist axınlarının sayının artırılması məqsədilə görülən tədbirlər artıq öz nəticəsini verməyə başlayır. Artıq məlumat verildiyi kimi, cari il ərzində Azərbaycana gələn turistlərin sayında xeyli artım var.
Qarşıdakı müddət ərzində isə turistlərin sayında daha çox artım gözlənir. Araşdırmalar göstərir ki, bu ildən tətbiq edilən "Tax free" sistemi də turist axınının çoxalmasına müsbət təsirini göstərir. Bu arada isə bəlli olub ki, Azərbaycanda 204 mağazada "Tax free" sistemi tətbiq olunur. Oktyabrın sonuna bu sistem çərçivəsində 59 xarici dövlətin vətəndaşına 2962 min faktura verilib.
O da bildirilir ki, ƏDV daxil olmaqla, həmin fakturalar çərçivəsində alışların dəyəri 4 milyon 850,8 min manat təşkil edir. Qaytarılan ƏDV-nin məbləği 493,3 min manat səviyyəsində qiymətləndirilir. Bununla belə, xarici vətəndaşlar tərəfindən 492,6 min manat əlavə dəyər vergisi geri qaytarılıb. Xatırladaq ki, "Tax free" sisteminin operatoru Vergilər Nazirliyi müəyyən edilib. Vergilər Nazirliyi malların satışının rəsmiləşdirilməsi və ƏDV-nin qaytarılması işlərini təşkil edir. "Tax free" sistemi alındığı tarixdən 90 gün müddətində ölkə ərazisindən aparılan istehlak mallarına şamil edilir. Xərclərin məbləği 300 manatdan çox olmalıdır. Bura istehsal, yaxud kommersiya məqsədləri ilə bağlı xərclər daxil deyil. 14 yaşınadək şəxslərə münasibətdə tətbiq edilməyən bu sistem həmçinin aksizli mallara, ərzaq mallarına, dərman preparatları və tibbi ləvazimatlara, ölkə daxilində satışı ƏDV-dən azad edilən mallara, külçə şəklində qiymətli metallara, nəqliyyat vasitələri və onların ehtiyat hissələrinə, poçt və ya internet xidməti vasitəsilə ixrac edilən mallara da şamil edilmir. Bir müddət əvvəl isə Vergilər Nazirliyinin vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Samirə Musayeva mətbuata bildirmişdi ki, ölkəyə turistlərin səfərləri davam etdiyindən, "Tax free" sistemi üzrə qaytarılan pulların həcmi də hər gün yenilənir. Sistemin yeni tətbiq edilməsinə baxmayaraq, bu sistemlə maraqlanan və ondan istifadə edən turistlərin sayı artmaqdadır.
S.Musayevanın sözlərinə görə, Azərbaycanda "Tax free" xidməti avtomatikləşdirilmiş şəkildə qurulduğundan, sistemdən istifadə etməyə görə sənədləşmə minimum səviyyədədir, bu da turistlərin işini asanlaşdırır: "Turistlər bu zaman yalnız hesab-faktura alırlar, sonrakı bütün əməliyyatlar da bu sənəd əsasında həyata keçirilir". O bildirib ki, turistlər yalnız ölkədən çıxdıqda ƏDV onlara qaytarılır. Nazirlik nümaynədəsinin sözlərinə görə, indiyədək "Tax free" sistemindən ən çox Yaxın Şərq, Avropa və Asiya ölkələrinin vətəndaşları istifadə edib. Ümumyyətlə, ərəblər bu sırada üstünlük təşkil edir. Ekspertlər "Tax free"nin xidmət sepktoruna bundan sonar da müsbət təsir edəcəyini proqnozlaşdırır. Eləcə də xaricilərin xidmət sektorundan istifadəsinin bundan sonra daha da artması gözlənir. Çünki "Tax free" sisteminin tətbiq olunması sərhəd məntəqələrindən alış-veriş edən turistlər üçün hava limanlarında, sərhəd-keçid məntəqələrində məbləğin müəyyən qisminin geri qaytarılmasına şərait yaradır. Bu isə turistləri xərcləmələrə təşviq edən mexanizmdir. Burada həm də əsas məqsəd neftin ucuzlaşması fonunda ölkəyə daxil olan valyuta həcminin azalmasını bu yolla kompensasiya etməkdir. Sirr deyil ki, ölkəyə turist axınını təmin etməklə, turist xərcləmələrinin həcmini artırmaqla əlavə valyuta axınına nail olmaq mümkündür. Azərbaycanda turist xərcləmələrinin qiyməti 1 nəfər üçün 800-1000 dollar arasında dəyişir. Başqa ölkələrdə isə bu rəqəm yüksəkdir. Bu baxımdan Azərbaycan turist xərcləmələrinə görə geridə qalırdı, lakin görülən tədbirlər nəticəsində vəziyyət tədricən dəyişir. Ölkəyə qarşıdakı müddətdə turizm xəttilə daha çox valyuta gəlişi gözlənir. Turistlərin burada xərclədiyi vəsaitin həcminin artması üçün isə stimullaşdırıcı addımlar atılır. Çünki, misal üçün, 1000 dollar alış-veriş edən turist 180 dollarını ölkəni tərk etməzdən öncə geri ala bilir. Qeyd olunduğu kimi isə, bu sistemin tətbiq edilməsinin üstünlüyü ondan ibarətdir ki, Azərbaycanda turizm sektorunun inkişafını stimullaşdırır.