Dek 25, 2020 09:07 Asia/Baku
  • Bu gün Həzrət İsa Məsihin(ə) mövlud günüdür

Bu gün cümə, 25 dekabr 2020-ci il, Həzrət İsa Məsihin(ə) anadan olmasının ildönümü günüdür.

SəhərAzəri bildirir, 2021 il bundan öncə belə bir gündə böyük İlahi peyğəmbərlərdən olan Həzrət İsa ibn Məryəm(ə) Fələstində yerləşən Beyt Ləhm şəhərində dünyaya göz açmışdır.

Həzrət İsa(ə) Allahın əmri ilə, möcüzəli bir şəkildə, Həzrət Məryəm(s) kimi bakirə və müqəddəs bir anadan doğulur və hələ beşikdə ikən danışmağa başlayır, öz peyğəmbərliyindən xəbər verir.

Quran-Kərimdə bu möcüzələr tam aydın formada yad edilir.

Al-İmran surəsinin 45-ci ayəsində deyilir: "Mələklər dedilər: "Ya Məryəm! Həqiqətən, Allah Öz tərəfindən bir kəlmə ilə sənə müjdə verir. Onun adı Məryəm oğlu İsa əl-Məsihdir ki, dünyada və axirətdə şanı uca (şərəfli) və (Allaha) yaxın olanlardandır."

Həzrət İsa(ə) həyatı boyunca daim yoxsullar və möhtac insanlara xüsusi diqqət göstərmişdi. O həzrət səmavi kitabı olan "İncil"dən qaynaqlanan mehribanlıqla dolu kəlamları ilə hamını Böyük və Mehriban Yaradana doğru dəvət edirdi.

İran İslam Respublikası Radio və Televiziya Təşkilatı bu əziz gün münasibəti ilə dünya, xüsusi ilə də İran xristianlarını təbrik edir.