Əfqanıstanın Qunduz şəhərində xəstəxanada törədilən qırğın reaksiyalara səbəb olub
Okt 04, 2015 12:00 Asia/Baku
BMT-nin baş katibi Əfqanıstanın Qunduz şəhərində xəstəxənaya edilən hava hücumunu qınayıb və bu barədə araşdırmaların aparılmasını istəyib.
Röyters-in məlumatına görə, şənbə günü, günün ilk saatlarında Əfqanıstanın Qunduz şəhərində Sərhədsiz Həkimlər Təşkilatı tərəfindən idarə olunan xəstəxananın ABŞ-ın başçılıq etdiyi qüvvələr tərəfindən bombardman edilməsi 19 nəfərin həyatına son qoyub. Aralarında 3 uşaq da olan hadisə qurbanları əsasən xəstəxana işçiləri və xəstələr olublar. Hadisə nəticəsində 37 nəfər də yaralanıb.BMT-nin baş katibi Ban Ki Mun bir bəyanat yayaraq, Qunduz şəhərində xəstəxanaya edilən hücumu kəskin formada qınayıb.
Bu bəyanatda deyilir: xəstəxanalar və tibb işçiləri beynəlxalq humanist qanunlara əsasən mühafizə olunurlar.
BMT-nin baş katibi həmçinin baş vermiş hadisə ilə bağlı tərəfsiz və kamil araşdırmaların aparılmasını və səbəbkarın məsuliyyətdən boyun qaçırmasına icazənin verilməməsini istəyib.
Bu arada ABŞ ordusu qeyd edilən xəstəxananın yerləşdiyi ərazidə hərbi əməliyyatlar apardığını təsdiq edib. Amma, xəstəxananı yox, Taliban yaraqlılarını hədəfə almaq niyyətində olduğunu bildirib. Buna baxmayaraq ABŞ ordusu baş vermiş hadisə ilə bağlı araşdırmalar aparacağını elan edib.
Sərhədsiz Həkimlər Təşkilatının əməliyyat müdiri Bart Yansenz isə deyib: Sərhədsiz Həkimlər Təşkilatı Qunduz şəhərində idarə etdiyi xəstəxananın dəqiq kordinatlarını Əfqanıstandakı bütün tərəflərə elan edib.
Yansenz BBC-yə müsahibəsində deyib: Bu xəstəxana son toqquşmaların başlandığı zamandan bəri Qunduzda fəaliyyət göstərən yeganə xəstəxana idi.
BMT-nin İnsan Haqları Şurası da bildirib ki, Qunduz şəhərində xəstəxanaya edilən hava hücumu müharibə cinayəti hesab eilə bilər.
Digər tərəfdən, Əfqanıstanın Prezident Administrasiyası şənbə günü bildirib ki, NATO qüvvələri Qunduz şəhərində xəstəxananı bombaladıqları üçün üzr istəyiblər.
ABŞ-ın Kabildəki səfirliyi də bir bəyanat yayaraq, Qunduz şəhərində xəstəxananın bombalanmasını kədərli hadisə adlandırıb. Amma, hadisənin baş verməsi səbəblərinə işarə etməyib.
Taliban qüvvələrinin bazar ertəsi günü Qunduz şəhərinə daxil olmasının ardınca bu şəhərdə ağır döyüşlər gedir.
Bundan öncə də Əfqanıstanda olan xarici qüvvələr Taliban yaraqlılarını hədəfə almaq bəhanəsi ilə sivil infrastrukturları hədəfə alıblar.
NATO-nun rəhbərlik etdiyi xarici qüvvələr daim bu kimi hücumların ardınca, yanlışlıq olduğunu və hadisənin araşdırılması üçün xüsusi komitənin yaradıldığını elan etsələr də, indiyə kimi hansısa araşdırmanın nəticəsi ictimailəşdirilməyib.