Zərif Asiya Ürəyi konfransında iştirak etmək üçün Pakistana səfər edir
İran İslam Respublikası xarici işlər naziri Asiya Ürəyi 5-ci konfransında iştirak etmək üçün Pakistan paytaxtı İslamabada səfər edir.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif 5-ci Asiya Ürəyi konfransının kənarında Çin, Pakistan və Tacikistan xarici işlər nazirləri Vanq İ, Sərtac Əziz və Siracəddin Əsilovla görüşərək danışıqlar aparacaq.
Asiya Ürəyi iki günlük konfransı bu gündən Əfqanıstanın təhlükəsizlik vəziyyətinin yaxşılaşdırılması və problemlərin həllinə kömək üçün əməkdaşlıqların artırılması məqsədilə 40-dan çox ölkə və 10-dan çox beynəlxalq və regional təşkilatın nümayəndəsinin iştirakı ilə işə başlayacaq. Bu konfransın əsas hissəsi saba xarici işlər nazirləri səviyyəsində Pakistan baş naziri Məhəmməd Nəvaz Şərif və Əfqanıstan prezidenti Əşrəf Qənin çıxışı ilə start götürəcək.
Pakistan baş naziri və Əfqanıstan prezidenti ilə görüş də Zərifin bir günlük Pakistan səfərinin proqramına daxildir.
Asiya Ürəyi Konfransına 14 ölkə, o cümlədən İran İslam Respublikası, Əfqanıstan, Pakistan, Çin, Rusiya, Hindistan, Azərbaycan Respublikası, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri üzvdür.
Həmçinin Asiya Ürəyi Konfransına dəstək ölkələr, ABŞ, Avstraliya, Kanada, Danimarka, Misir, Fransa, Finlandiya, Almaniya, İraq, İtaliya, Yaponiya, Norveç, Polşa, İspaniya, İsveç və İngiltərədir.