Mosuldakı terrorçular bəzi ölkələrin zabitləri tərəfindən istiqamətləndirilir
İraq şiələrinin Milli Koalisiyasının sədri mövcud dəlil və sübutlara əsasən bəzi region ölkələrinin hərbi-kəşfiyyat zabitlərinin İraqda olduğunu bildirib və deyib: Bu sənədlər ifşa ediləcək.
Seyid Əmmar Həkim bazar günü İRİB-yə müsahibə verdiyi zaman deyib: Bu hərbçilər Mosulda və İraqın digər şəhərlərində terrorçuları istiqamətləndirməklə məşğuldurlar.
İraq şiələrinin Milli Koalisiyasının sədri həmçinin, xarici ölkələrin regiondakı hərbi iştirakını da tənqid edib və deyib: Xarici hərbçilərin məntəqədəki iştirakı region ölkələrində təhlükəsizliyin təmin edilməsinə kömək etmir. Əksinə, gərginliyə və təhlükəsizlik problemlərinin artmasına səbəb olur.
Seyid Əmmar Həkim həmçinin, hazırda terrorçular ilə savaşda iştirak edən könüllü xalq qüvvələrinin təşkil edilməsinə qarşı çıxanlara cavab oalraq deyib: İraqda çıxarılan qərarlar bu ölkə xalqı və onun milli maraqlarına xidmət edir. Buna görə də kənar tərəflərin bu məsələyə müdaxilə etmək haqqı yoxdur.
İraq şiələrinin Milli Koalisiyasının sədri əlavə edib: Könüllü xalq qüvvələrinin yaradılması ilk başda şiələrə aid olsa da, hazırda İraq Parlamentində təsdiq edilməklə, milli bir qüvvəyə çevrilmiş olub.
Həkim həmçinin deyib: bütün etnoslar və məzhəblər o cümlədən sünnilər, yezidilər, kürdlər, türkmənlər və xristiyanlar Həşdüşşəbinin təşkil edilməsində iştirak edirlər və əslində Həşdüşşəbi İraqın milli simvoluna çevrilib və onun başlıca strategiyası İraqın hər bir yerində təhlükəsizliyin təmin edilməsidir.