Mosulun şərqi azadlıq ərəfəsində
İraqda terrorizmlə mübarizə təşkilatının komandanı Neynəva vilayətinin mərkəzi olan Mosul şəhərinin şərq hissəsinin yaxın gələcəkdə azad ediləcəyindən xəbər verib və deyib ki, iraqlı qüvvələrin irəliləyişi yolunda heç bir maneə mövcud deyildir.
IRNA-nın məlumatına görə, İraqda terrorizmlə mübarizə təşkilatının komandanı Əbdulqəni Ələsədi dünən Qərb və ərəb medialarının Mosul əməliyyatında iraqlı qüvvələrin tələfatının artmasına dair xəbərləri rədd edərək, vurğulayıb ki, iraqlı qüvvələr Mosulun şərq hissəsini qarşıdakı bir neçə gündə tam şəkildə azad edəcəklər.
Ələsədi deyib: Terrorçulara dəstək verən mediaların psixoloji müharibəsinə rəğmən, Mosulun azad edilməsi əməliyyatını təkmilləşdirmək üçün iraqlı qüvvələrin əhval-ruhiyyəsi qənaətbəxşdir və qüvvələrimiz hazırda Əlkəramə məhəlləsinə doğru irəliləməkdədirlər və indiyədək şərq istiqamətində iki mindən çox İŞİD terrorçusu öldürülübdür.
Bu iraqlı komandan əlavə edib: Mosulun azad edilməsi əməliyyatının əvvəlində bizim məlumatımız 5-6 min İŞİD terrorçusunun iştirakından söz açırdı, amma hazırda onların sayı yarıyadək azalıbdır.
Mosulun geri alınması döyüşləri 2016-cı il oktyabrın 17-də başlandı və iraqlı qüvvələr ötən iki ay ərzində şəhər ətrafındakı onlarla kənd və qəsəbəni İŞİD-in işğalından çıxara biliblər. Mosul İŞİD terrorçularının İraqda yerləşdikləri ən mühüm məkandır.