Avq 03, 2018 18:09 Asia/Baku
  • Livan Hizbullahı yeni PUA-larını təqdim etdi
    Livan Hizbullahı yeni PUA-larını təqdim etdi

Livan Hizbullahı 33 günlük müharibədə qələbə çalmasının ildönümü münasibətilə ölkənin cənubunda, Mlita məntəqəsində bir neçə yeni pilotsuz uçan aparatını ilk dəfə olaraq təqdim edib.

İRİB-nin verdiyi məlumata görə, Livan Hizbullahı bundan öncə bir neçə əməliyyatda uğurla sınaqdan keçirdiyi pilotsuz uçan aparatları 33 günlük müharibədə İsrail rejimi üzərindəki qələbəsinin ildönümü münasibətilə rəsmən təqdim edib.

Bu məlumata görə, bu pilotsuz uçan aparatlardan 33 günlük müharibədə habelə, Livanın Ərsal və Suriyanın Qələmun yüksəkliklərinin terrorçuların işğalından azad edilməsi əməliyyatında istifadə edilib. Həmçinin, ötən il qərbi Bəqa məntəqəsində terrorçuların sığınacaqlarını müəyyən etmək üçün də bu PUA-lardan istifadə edilib.

İsrail rejiminin Livana qarşı 33 günlük təcavüzləri 2006-cı ilin iyulunda başlanmış və 14 avqusta kimi davam etmişdi. 33 günlük savaş Livan Hizbullahının qələbəsi ilə başa çatmışdı. İsrail rejimi Livan Hizbullahı ilə döyüşlərdə ağır itkilər və insan tələfatı verərək, təcavüzlərinin 33-cü günündə geri çəkilməyə məcbur oldu.

Livan Hizbullahı həmçinin, Livanın Ərsal və Suriyanın Qələmun yüksəkliklərində gedən döyüşlərdə terrorçuları ağır məğlubiyyətə uğratmağı bacarmışdı.

Teqlər