Müsəlman dövlətləri İsraili qınayır
Sionist rejimin sorğuya çəkilməsi tələb edilir
Müsəlman dövlətləri İsrail qüvvələrinin Əl-Əqsaya basqınını pisləyiblər və beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıblar.
SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikası, Türkiyə, Səudiyyə Ərəbistanı, Oman Sultanlığı, Misir, Pakistan, İraq, İordaniya, Küveyt, Əlcəzair və sair müsəlman və ərəb dövlətləri İsrail qüvvələrinin ötən gün Əl-Əqsa məscidinə basqınını və törətdiyi zorakılığı pisləyiblər.
Verilən bəyanatlarda beynəlxalq ictimaiyyətdən sionist İsrailin addımlarının hüquqi və beynəlxalq qanunlar baxımından qiymətləndirilməsi və lazımi addımların atılması tələb edilib.
Bəyanatların bəzisində qeyd edilir ki, beynəlxalq ictimaiyyət sionist rejimi bu addımlarına görə sorğuya çəkməsə, onun işğal edilmiş ərazilərdə fələstinlilərə qarşı zorakılığı daha da artacaq.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi İran və Türkiyədən fərqli olaraq İsrail rejiminin vandallığına hələ münasibət bildirməyib.
Qeyd edək ki, Fələstinin Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, İsrail qüvvələrinin Əl-Əqsa məscidinə ötən günkü basqınında 150-dən çox fələstinli yaralanıb və xəsarət alıb, eləcə də yüzlərlə fələstinli saxlanılıb.