May 19, 2024 13:19 Asia/Baku
  • Hizbullahın PUA-ları İsrailin radar sisteminə meydan oxuyur

Sionist rejimin mediasının bildirdiyinə görə, Livan Hizbullahının istifadə etdiyi pilotsuz təyyarələr İsrail rejiminin radar sistemlərinə meydan oxuyur.

Əl-Məyadin telekanalı sionist rejimin mediasına istinadən xəbər verir: Hizbullah elə pilotsuz təyyarələrdən istifadə edib ki, bu, İsrail hərbi hava qüvvələrinin radar sistemləri üçün çox ciddi problem yaradıb.

Sionist rejim mediasının bununla bağlı yaydığı məlumata əsasən, Hizbullahın sahib olduğu bəzi PUA-lar, o cümlədən “Əl-Bəcə” PUA-sı radardan yayınır, İsraildə olan aşkarlama avadanlığı ilə onu müəyyən etmək çox çətindir.

Bu arada Hizbullah hərəkatı sərhəd bölgələrində İsrail hərbçilərinə məxsus qərargaha və iki kazarmaya hücum edib.

Livan Hizbullah Hərəkatı bununla bağlı işğal olunmuş Fələstinin şimalında sionist rejimin bir neçə bazası və casusluq avadanlıqlarını hədəfə aldığını açıqlayıb.

Hərəkatın bununla bağlı yaydığı bəyanatda deyilir: “Silahlı pilotsuz təyyarə ilə Ramim kazarmasındakı bir otaqda düşmən əsgərlərinin yerini hədəf aldıq və hədəf birbaşa vuruldu”.

Bəyanatda əlavə edilib: “Top mərmiləri ilə “Rəs əl-Naqurə” dəniz bazasını hədəf aldıq. Həmçinin, işğal altındakı Şəba tarlalarında Ramsa sahəsindəki casus avadanlıqlarını da uyğun silahlarla bombaladıq.”