Mart 17, 2025 12:32 Asia/Baku

Yəmənin Ənsarullah Hərəkatı ABŞ-ın Yəmənin müxtəlif bölgələrinə hücumlarına cavab olaraq, Qırmızı dənizdə ABŞ-ın aviadaşıyıcısını hədəfə alıb.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri ABŞ-ın bu ölkəyə qarşı geniş hücumlar təşkil etdiyini və aşkar bir təcavüzdə paytaxt Səna və daha 7 əyaləti 47-dən çox hava hücumu ilə hədəf aldığını açıqlayıb.

Yəhya Səri deyib: "ABŞ bir neçə cinayət törədib və bu hücumlar nəticəsində onlarla insan şəhid olub və yaralanıb. Əlbəttə, bu son rəqəm deyil və qurbanların sayı arta bilər". 

Yəmən Silahlı Qüvvələrinin sözçüsü əlavə edib: "Yəmən Silahlı Qüvvələri bu təcavüzə cavab olaraq, Qırmızı dənizdə ABŞ-ın "USS Truman” təyyarədaşıyan gəmisi və onu müşayiət edən döyüş gəmilərini hədəfə alaraq, xüsusi hərbi əməliyyat həyata keçirib". 

Onun sözlərinə görə, bun əməliyyat 18 ballistik raket, qanadlı raket və pilotsuz uçuş aparatları vasitəsi ilə həyata keçirilib. 

Yəhya Səri ABŞ-ın təcavüzünə cavab olaraq, Qırmızı dəniz və Ərəb dənizində ABŞ-ın bütün hərbi gəmilərini hədəf almağa davam edəcəklərini vurğulayıb.

O əlavə edib ki, Qəzzəyə humanitar yardımlar daxil olana qədər sionist rejimə qarşı dəniz blokadası davam edəcək. 

Yəmən Silahlı Qüvvələrinin sözçüsü bəyanatını belə yekunlaşdırıb: “Amerikanın təcavüzü yalnız əziz Yəmən və onun müqavimətli, mömin və mücahid xalqının sabitliyini, imanını və müqavimətini artıracaq”.

Qeyd edək ki, ABŞ bazar günü səhər saatlarında Yəmənin müxtəlif bölgələrinə hava zərbələri endirib.