Doha Sammiti və İslam həmrəyliyi;
Sammitin əsas nəticəsi nə oldu? - TƏHLİL
Sentyabrın 15-də Qətərin paytaxtı Dohada Ərəb-İslam sammiti keçirilib, liderlər işğalçı İsrail rejiminin sentyabrın 9-da Qətərə qarşı hərbi təcavüzünə münasibət bildiriblər.
Sammitdə çıxış edən İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyan vampir rejimin son hərbi təcavüzünü qınayaraq deyib ki, sionist rejimin Dohaya etdiyi hücum tam olaraq terrorizmdir və bu, Tel-Əviv rejiminin hər cür əxlaqi və insani məhdudiyyəti kənara qoyduğunun sübutudur.
Sammitin sonunda iştirakçılar tərəfindən bəyanat qəbul olunub. Yekdilliklə qəbul olunan bəyanatda İsrailin Doha şəhərində Həmas rəhbərlərinin toplaşdığı binaya hücumu kəskin şəkildə pislənilib, bu akt beynəlxalq hüququn pozulması, suveren dövlətin ərazi toxunulmazlığının tapdalanması kimi qiymətləndirilib.
Bəyanatın davamında sammit iştirakçıları qaniçən rejimin hərbi əməliyyatlarının bölgədə humanitar vəziyyəti daha da ağırlaşdırdığını qeyd ediblər. Fələstin əhalisinin kütləvi köçü, məcburi evakuasiya təhlükəsi və humanitar yardımların qarşısının alınması xüsusi diqqət çəkən məsələlər olub.
Bəyanatda sonra Doha üzərinə gələn hücum bütün region ölkələrinə yönəlmiş təhlükə kimi qiymətləndirilib.
Beləliklə də Doha sammiti İsrailin təcavüzü fonunda ərəb və İslam dünyasının həmrəylik nümayişi baxımından mühüm addım oldu.
Sammitdə qəbul olunan qərarlar göstərdi ki, region ölkələrinin həmrəyliyi yalnız bəyanatlarla məhdudlaşmamalı, praktik addımlarla davam etdirilməlidir. Bu isə ayrı-ayrı dövlətlərin konkret məsuliyyətini gündəmə gətirdi. Bu istiqamətdə İslam ölkələri beynəlxalq tribunlarda – BMT, İƏT və digər platformalarda vahid mövqedən çıxış etməli, İsrailin işğal və hücum siyasətinə qarşı birgə diplomatik cəbhə formalaşdırmalıdır. Məsələn bəzi ölkələr sionist İsraillə bütün əlaqələrini kəsməklə və ya ən azı iqtisadi əməkdaşlıqdan imtina etməklə, sanksiya tətbiqi ilə və ya diplomatik kanalların məhdudlaşdırılması ilə həmrəyliyini gücləndirə bilər.
Bununla əlaqədar sirr deyil ki, İslam ölkəsi olan Azərbaycan Respublikasının İsraillə diplomatik və hərbi-texniki əməkdaşlığı zaman-zaman suallar doğurur. Xüsusilə onun xunta rejimlə strateji tərəfdaşlıq əlaqələri Bakının mövqeyini mürəkkəbləşdirir. Bu məsələ istər-istəməz onun İslam həmrəyliyinə sadiqliyini şübhə altına alır. Ona görə də Doha sammitindən sonra Azərbaycanın həm diplomatik addımlarında, həm də İslam həmrəyliyini gücləndirən fəaliyyətlərində daha qətiyyətli mövqe nümayiş etdirməsi gözlənilir.
Əslində Doha sammiti bir daha göstərdi ki, İslam həmrəyliyi yalnız sözlərlə deyil, əməli addımlarla ölçülür. Azərbaycan da daxil olmaqla bütün İslam ölkələrinin öhdəliyi həm Fələstin məsələsində, həm də regionun təhlükəsizlik sistemində real fəaliyyət göstərməkdir. Əks halda, qəbul edilən bəyanatlar kağız üzərində qalacaq.