Yəmən Silahlı Qüvvələri Ədən körfəzində bir gəmini hədəf alıb
“MINERVA GRACHT” adlı ticarət gəmisi, Fələstinin işğal olunmuş ərazilərindəki limanlara giriş qadağasını pozduğu üçün Yəmən Silahlı Qüvvələri tərəfindən hədəf alınıb.
Yəmən Silahlı Qüvvələri bir bəyanat yayaraq, bu ölkənin dəniz qüvvələrinin çərşənbə axşamı bir hərbi əməliyyat keçirərək, işğal olunmuş Fələstin limanlarına giriş qadağasını pozduğu üçün "MINERVA GRACHT" adlı ticarət gəmisini hədəfə aldıqlarını açıqlayıb.
Bəyanata əsasən, bu ticarət gəmisi Ədən körfəzində qanadlı raketlə vurulub, nəticədə gəmidə yanğın baş verib və hazırda batmaq təhlükəsi ilə üz-üzədir.
Yəmən Silahlı Qüvvələri bəyanatda, bu əməliyyatın Fələstin xalqına dəstək məqsədilə və sionist rejimin Qəzzə sakinlərinə qarşı soyqırım və aclıq cinayətinə cavab olaraq, həyata keçirildiyini bildirib.
Yəmən Silahlı Qüvvələri Qırmızı dəniz, Ərəb dənizi, Bab əl-Məndəb boğazı və Ədən körfəzində sionist rejimə qarşı dəniz naviqasiyası qadağasının davam edəcəyini vurğulayaraq, bütün şirkətlərə və gəmi sahiblərinə bu qadağanın pozulmasının nəticələri barədə xəbərdarlıq edib.