Okt 20, 2025 14:37 Asia/Baku
  • 97 fələstinli şəhid oldu, 230-dan çoxu yaralandı

Qəzzə zolağında atəşkəsin elan edilməsindən cəmi bir neçə gün keçməsinə baxmayaraq, Fələstin hökumətinin media ofisi məlumat verib ki, sionist rejim atəşkəsi 80 dəfə pozaraq, Qəzzənin müxtəlif bölgələrinə hava və artilleriya hücumları həyata keçirib. Bu ölümcül hücumlar nəticəsində indiyədək azı 97 fələstinli şəhid olub, 230-dan çoxu isə yaralanıb.

"Əl-Cəzirə" telekanalının məlumatına görə, Qəzzədəki yerli mənbələr bildiriblər ki, işğalçı İsrail qüvvələri atəşkəs razılaşmasından dərhal sonra Qəzzənin şimal və mərkəzi bölgələrində bir neçə əraziyə, o cümlədən Cebaliya, Beyt-Lahiya və Əl-Nuseyrat düşərgəsinə hücum ediblər. Bu hücumlar nəticəsində onlarla yaşayış binası, ictimai obyektlər və şəhər infrastrukturu tamamilə dağıdılıb.

Fələstin hökumətinin media ofisi bir bəyanatda bu təcavüzləri pisləyərək, beynəlxalq ictimaiyyəti və BMT-ni sionist rejimin atəşkəsi davamlı şəkildə pozmasına qarşı səssiz qalmamağa və atəşkəsin real icrasını təmin etmək üçün effektiv nəzarət mexanizmi yaratmağa çağırıb.

Tibbi mənbələrin məlumatına görə, Qəzzədəki xəstəxanalar yeni yaralı axını ilə üz-üzə qalıb. Dərman və tibbi avadanlıq çatışmazlığı vəziyyəti böhran həddinə çatdırıb. Qəzzənin tam mühasirədə olması və Rəfəh keçidinin bağlı qalması səbəbindən bir çox yaralılar Qəzzədən kənardakı  xəstəxanalara köçürülə bilmir.

Digər tərəfdən, sionist rejim başçıları iddia ediblər ki, son hücumlar “təhlükəsizlik təhdidlərinə" cavab olaraq, həyata keçirilib. Bu iddia Fələstin müqavimət qrupları tərəfindən rədd edilib. HƏMAS hərəkatı bildirib ki, atəşkəsin təkrar pozulması Təl-Əvivin beynəlxalq öhdəliklərə etinasız yanaşdığını və təcavüzü davam etdirmək niyyətində olduğunu göstərir.

Siyasi ekspertlərin fikrincə, İsrailin atəşkəsi davamlı şəkildə pozması Qəzzədə sabitliyin bərpasına yönəlmiş kövrək danışıqları məhv edə və bölgəni yenidən genişmiqyaslı toqquşmalara sürükləyə bilər.