Yəmən rəsmisi:
ABŞ müdaxilə edərsə, Babül-Məndəb boğazını tam bağlayacağıq
Səna hökumətinin Müdafiə Nazirliyinin hərbi müşaviri xəbərdarlıq edib ki, ABŞ-nin Yəmən müharibəsinə hər hansı hərbi müdaxiləsi bu ölkənin qarşılıqlı reaksiyası ilə üzləşəcək.
Səna hökumətinin Müdafiə Nazirliyinin hərbi müşaviri və briqada generalı Abid Məhəmməd əs-Sur “Frans Press” agentliyinə verdiyi müsahibədə bildirib ki, əgər ABŞ Yəməndəki müharibəyə hərbi yolla müdaxilə etsə və ya Babül-Məndəb boğazına nəzarəti ələ keçirməyə çalışsa, Yəmən buna qarşılıq verəcək və ABŞ-nin regiondakı maraqlarını hədəfə alacaq.O deyib: “Əgər ABŞ cəsarət edib hərbi-dəniz qüvvələri ilə müdaxilə etsə və ya Babül-Məndəbə boğazına nəzarəti ələ keçirməyə cəhd etsə, bu, bizim üçün – və hər kəs üçün – "qırmızı xətt"i keçmək demək olacaq və biz bunun uğrunda döyüşəcəyik".Əs-Sur əlavə edib ki, ABŞ Səudiyyə Ərəbistanına dəstək məqsədilə – istər hava zərbələri endirməklə, istərsə də hava dəstəyi təmin etməklə – müdaxilə etsə, "biz ətrafımızdakı bütün Amerika maraqlarını hədəf hesab edəcəyik və heç bir istisna olmayacaq". Səna hökumətinin Müdafiə Nazirliyinin hərbi müşaviri, həmçinin vurğulayıb ki, belə bir şəraitdə Babül-Məndəb boğazı ABŞ gəmilərinin üzünə tamamilə bağlanacaq.