USAİD Ermənistana daha 11.5 milyon dollar yardım ayırır
Ermənistana yeni yardımla bağlı müvafiq sənədi amerikalı USAİD yardım təşkilatı ilə Ermənistan hökumətinin nümayəndələri imzalayıblar.
SəhərAzəri xəbər verir, Ermənistan mediasının bildirdiyinə görə, ABŞ-ın USAİD adlı təşkilatı Ermənistana daha 11.5 milyon dollar yardım ayırır.
Bu məlumata əsasən, yeni yardımla bağlı müvafiq sənədi amerikalı USAİD yardım təşkilatı ilə Ermənistan hökumətinin nümayəndələri imzalayıblar.
Sənəddə qeyd olunur ki, yeni yarım paketi 2013-cü ildən tərəflər arasında davam edən əməkdaşlıqlar çərçivəsində İrəvana təqdim olunur.
Qeyd olunur ki, amerikan yardım təşkilatı ötən 7 ildə Ermənistana məcmuda 51.4 milyon dollar yardım edib.
İddia olunur ki, yeni yardım demokratik islahat və ölkədə şəffaflığın eləcə də qanun aliliyinin təmin edilməsinə sərf olunacaq.
ABŞ Ermənistanda öz siyasətini demokratik insitutların və iqtisadi qurumların daha da inkişaf etdirilməsinə, insan hüquqlarına hörmət və hüququn üstünlüyünün təmin edilməsinə yönəltdiyini bildirir. ABŞ 27 ildir ki, infrastrukturun, səhiyyənin və sosial xidmətlərin inkişafı adı altında Ermənistan iqtisadiyyatına davamlı olaraq investisiya yatırır, saysız-hesabsız saziş və müqavilələr imzalanır.
Yeri gəlmişkən bildirək ki, ötən əsrin 90-cı illərdən ABŞ Ermənistanı dəstəkləmək üçün bir sıra qərarların qəbulunu təmin edib, o cümlədən İrəvana əhəmiyyətli vəsaitlər ayırmağa çalışıb. Bunun nəticəsində Ermənistan nə az nə çox 2 milyard dollar yardım almağa müvəffəq olub. Beləliklə də əhalisinin sayına görə Ermənistan sionist İsraildən sonra ABŞ-dan maliyyə yardımı almaqda ikinci yeri tutur.
Ermənistandan fərqli olaraq Azərbaycan Respublikasına qarşı konqresin məlum qərarı olan 907-ci düzəliş əsasında sanksiya tətbiq edilib və ABŞ rəhbərliyi də onu təsdiqləyərək bu günədək ləğv etməkdən imtina edib.