May 22, 2020 13:31 Asia/Baku
  • Ermənistan deyir ki, Azərbaycan Qarabağda

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Nağdaliyan Azərbaycana qarşı gülünc ittiham irəli sürüb.

SaharAzeri xəbər verir: Panarmenian Xəbər Portalının məlumatına əsasən, Anna Nağdaliyan rəsmi Bakını- onun ifadəsi ilə desək- Dağlıq Qarabağda cərəyan edən demokratik proseslərə qarşı destruktiv mövqe sərgiləməkdə günahlandırıb. 

Onun sözlərinə görə, Dağlıq Qarabağda dırnaqarası seçkilərdən dərhal sonra Azərbaycan Respublikası ordusunun genişmiqyaslı hərbi təlimlərə başlaması bu ölkənin beynəlxalq öhdəliklərinə ziddir. Lakin bu kimi cəhdlər heç bir vəchlə erməni tərəfinin Qarabağ məsələsi ilə əlaqədar mövqeyinə və guya ordakı demokratik proseslərə təsir etməyəcək.

Ermənistan rəsmisi sonda ölkəsinin ATƏT Minsk Qrupunun vasitəçiliyi çərçivəsində münaqişənin həllinə çalışdığını və onun heç bir məhdudiyyət olmadan Qarabağ ermənilərinin öz müqəddəratını həll etməsini dəstəklədiyini vurğulayıb.

Ermənistan XİN sözçüsünün bu açıqlamasına Azərbaycan tərəfinin cavabını özünü çox gözlətməyib.

Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, Azərbaycanın işğal olunmuş torpaqlarında təşkil olunan “andiçmə” ilə bağlı şounu Ermənistanın “demokratik proses” adlandırması bu təcavüzkar ölkənin mahiyyətini göstərməklə yanaşı, demokratiya anlayışından nə qədər uzaq olduğunu göstərir.

O qeyd edib ki, digər dövlətin beynəlxalq tanınmış ərazisini işğal edib, oradakı insanları etnik təmizləməyə məruz qoyub, insan hüquqlarını kobudcasına pozmaq müasir beynəlxalq hüquqi dildə təcavüz adlanır, demokratiya yox.

Leyla Abdullayeva həmçinin deyib ki, xalqların öz müqəddəratını müəyyən etmə prinsipindən danışmaq üçün Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi əvvəlcə bu prinsipin nə demək olduğunu öyrənməli, Helsinki Yekun Aktını oxumalı, daha sonra bu prinsiplərə düzgün istinadlar verməlidir. İşğalçı ölkənin şərhində sülhdən bəhs etməsi isə riyakarlığın son həddidir. Sülhü düşünən ölkə işğalçılıq siyasəti yürütməz, danışıqlar prosesinə əngəl törətməz və nəhayət, sülhü dəstəkləyən tərəf elə sülhün özünə başlıca təhdid olmaz.

İRƏVAN DEYİR Kİ, BAKI QARABAĞDA "DEMOKRATİYA"YA TƏSİR EDƏ BİLMƏZ

Teqlər