Avq 21, 2020 04:41 Asia/Baku
  • İRNA: Bakı-İrəvan gərginliyi regional təhlükəsizliyə ciddi təhdiddir

İranın rəsmi dövlət xəbər agentliyi Azərbaycanla Ermənistan arasındakı qarşıdurmanı regional təhlükəsizlik üçün ciddi tədhdid adlandırıb.

SəhərAzəri xəbər verir, İRNA Xəbər Agentliyinin şərhində deyilir: Bu ilin iyulunda Ermənistanla Azərbaycanın dövlət sərhədində, Azərbaycanın Tovuz rayonu istiqamətində ciddi silahlı toqquşmalar baş verib. Bu, tərəflər arasında 2016-cı ilin aprelində baş vermiş döyüşlərindən sonra ən miqyaslı hərbi qarşıdurmadır.

Hazırda tərəflər arasında nisbi sakitlik hökm sürsə də, onlar bir-birini istər münaqişə bölgəsi olan Qarabağda, istərsə də iki ölkənin dövlət sərhədində atəşkəsi davamlı pozmaqda ittiham edir. Görünür, son toqquşmalardan sonra tərəflər arasında davamlı sülhə nail olunması ən azı indi, heç də asan olmayacaq.

Azərbaycanda hesab edirlər ki, tərəflər arasındakı gərginliyin, o cümlədənson toqquşmaların səbəbi Ermənistan hökumətinin sərt mövqeyi, Dağlıq Qarabağ münaqişəsinin həllində güzəştə, kompromisə getmək istəməməsidir. Ona görə də artıq Azərbaycanda bəziləri torpaqların yalnız güc yolu ilə azad oluna biləcəyini düşünür.

Daha bir maraqlı məqam tərəflər arasındakı son toqquşmalar zamanı beynəlxalq oyunçuların ciddi fəallıq göstərməməsidir. Sanki onlar qarşıdurmanın dayandırılması üçün heç bir ciddi addım atmayıb. Üstəlik, Minsk qrupunun sabiq amerikalı həmsədri Riçard Hoqlandın təklifi Bakının qəzəbinə səbəb olub. O, hesab edir ki, Ermənistanın nəzarətində olan Dağlıq Qarabağ bölgəsi BMT-nin himayəsinə verilə bilər.

İRNA sonra xatırladır ki, Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan bu günlərdə Dağlıq Qarabağa yollanıb. Burada hərbi hissələrə baş çəkən Qasparyan bir sıra görüşlər də keçirib.

Beləliklə, hər iki tərəfin hərbi fəallığı artırması, üstəlik, üçüncü ölkələrin prosesə cəlb olunması gələcəkdə vəziyyətin daha da gərginləşə biləcəyilə bağlı narahatlıq yaradır. Əksər ekspertlər isə hesab edir ki, Dağlıq Qarabağ münaqişənin həlli, birincisi, regional imkanlardan yararlanmaq, ikincisi isə dialoq üçün platformanı təmin etməkdən keçir. Onlar problemin hərbi yolla həllinin olmadığı qənaətindədirlər. Çünki, Ermənistanla Azərbaycan arasında istənilən gərginlik və münaqişə bütünlükdə bölgə üçün ciddi təhlükədir.

Başqa sözlə Ermənistan və Azərbaycan Silahlı qüvvələri arasında sonuncunun Tovuz rayonu istiqamətində ötən ay baş vermiş toqquşmalar iki ölkə arasında davam edən gərginliyin regional təhlükəsizliyə nə qədər ciddi təhdid olduğunu bir daha ortaya qoyub. Odur ki, bu problem istər münaqişə tərəfləri, istərsə də region ölkələrinin maraqları baxımından mümkün qədər tez həll olunmalıdır.

Teqlər