Pezeşkian:
İran və Oman həmişə bir-birinin yanında olub
İran İslam Respublikası prezidenti Məsud Pezeşkian Omanın daxili işlər naziri ilə görüşündə iki ölkə arasında qədim və səmimi münasibətlərin mövcudluğunu vurğulayaraq, deyib: "İran və Oman bütün regional hadisələrdə bir-birinin yanında olublar və əməkdaşlıqları qardaşlıq və qarşılıqlı hörmətə əsaslanır".
Prezident Məsud Pezeşkian Omanın daxili işlər naziri Həmud bin Feysəl bin Səid Əl-Busəidi ilə görüşündə İran və Oman arasındakı əlaqələri tarixi, səmimi və xoş niyyətə əsaslanan əlaqələr kimi dəyərləndirib və vurğulayıb ki, iki ölkə bölgədəki bütün eniş-yoxuşlarda daim bir-birinin yanında olublar.
Prezident Pezeşkian Oman Sultanlığının bölgədəki konstruktiv rolunu, o cümlədən İran və ABŞ arasında aparılan danışıqlara ev sahibliyi etməsini yüksək qiymətləndirərək, deyib: "Bu addımlar Oman rəsmilərinin müdrik və sülhpərvər yanaşmasının göstəricisidir".
Pezeşkian, həmçinin Omanın Qəzzə xalqına açıq dəstəyini və sionist rejimin cinayətlərini qəti şəkildə pisləməsini yüksək qiymətləndirərək, bunu insani və İslami dəyərlərə sadiqliyin nişanəsi adlandırıb.
O, İslam ümmətinin birliyinin vacibliyini vurğulayaraq, qeyd edib ki, müsəlmanlar düşmənlərə qarşı “bir əl” kimi birləşməlidirlər ki, İslam xalqlarının təhlükəsizliyi və mənafeləri təmin olunsun.
Prezident ümidvarlıq edib ki, Oman daxili işlər nazirinin Tehrana səfəri iki ölkə arasında elmi, iqtisadi, mədəni və siyasi əməkdaşlığın genişlənməsinə səbəb olacaq.
Omanın daxili işlər naziri də iki ölkə münasibətlərini nümunəvi, səmimi və hər cür şübhədən uzaq adlandıraraq, bu əlaqələrin davam etdirilməsi və genişləndirilməsinin vacibliyini vurğulayıb.