Rusiya mediası;
‘Bir çox ermənilər ‘statussuz Qarabağa’ qayıtmağa tələsmirlər’
Rusiyanın nüfuzlu RBK agentliyinin müxbiri Aleksandr Atasuntsev Dağlıq Qarabağda müharibə sonrası gördüklərindən yazıb.
SəhərAzəri xəbər verir, O yazır ki, Ermənistan və Dağlıq Qarabağ arasında böyük insan axınları hərəkət edir: bəziləri Azərbaycana verilən rayonlardan və Qarabağda uçmuş evlərindən Ermənistana doğru hərəkət edirlər, onların qarşısına Qarabağa qayıdanlar çıxır.
Məqalədə deyilir ki, Dağlıq Qarabağda nar ağaclarının budaqları meyvələrin ağırlığından yerə əyilib.
Müəllif bildirir ki, müharibəyə qədər Dağlıq Qarabağın mərkəzi şəhəri Xankəndində 50 minədək, bütün Dağlıq Qarabağda isə ümumilikdə 140 min sakin olub.
Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə noyabrın 26-dək Dağlıq Qarabağa 17 min erməni qayıdıb.
Xankəndində hər gün yeni kafe və mağazalar açılır, bazar işləməyə başlayıb.
Müxbirin sözlərinə görə yerli separatçı rejim ötən həftə evlərə qaz verib. Amma elektrik heç də hər yerdə yoxdur.
Tərtər çayı üzərindəki bir neçə elektrik stansiyasındakı avadanlıqlar sökülüb, çünki noyabrın 25-də Kəlbəcər Azərbaycana qaytarılıb.
Məqalədə deyilir ki, müharibə nəticəsində Dağlıq Qarabağda 40 min nəfər və ya əhalinin 28 faizi evsiz qalıb. Bu rəqəmə müharibədən əvvəl Azərbaycanın işğal edilmiş rayonlarında yaşayan ermənilər də daxildir.