Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələ:
Ticarət siyasi baryerləri aşır - TƏHLİL
Rusiyadan Ermənistana Azərbaycan üzərindən taxıl tranzitinin genişlənməsi və Bakının İrəvana dizel yanacağı ixracını artırması Cənubi Qafqazda yeni reallığın formalaşdığını göstərir.
Rusiyadan Ermənistana Azərbaycan ərazisi ilə 30 min tondan çox taxıl, minlərlə ton gübrə və digər yüklərin daşınması artıq davamlı xarakter alıb. Bununla əlaqədar, iyunun 21-də Azərbaycandan Ermənistana 1000 ton dizel yanacağının göndərilməsi iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşdiyinə dəlalət edir.
Bu addımlar təbii ki, prezident İlham Əliyevin tranzit məhdudiyyətlərini aradan qaldıran qərarından sonra mümkün olub. Bakı bununla regionda kommunikasiyaların açılması siyasətinə sadiqliyini nümayiş etdirir.Maraqlıdır ki, iqtisadi əməkdaşlığın genişlənməsi Ermənistanın baş naziri Nikol Paşinyan üçün də əlavə siyasi dividend yaradır. Çünki sərhədlərin açılması, ticarətin genişlənməsi və regional inteqrasiya Paşinyanın uzun müddətdir müdafiə etdiyi “sülh gündəliyi”nin praktik nəticələri kimi təqdim olunur.Belə görünür ki, Azərbaycan artıq keçmiş düşmən ölkə ilə qarşıdurmadan daha çox iqtisadi əməkdaşlıq modelinə üstünlük verir. Bu isə istər-istəməz Ermənistanda revanşist qüvvələrin zəifləməsinə xidmət edən strateji yanaşma kimi qiymətləndirilə bilər.