Fev 17, 2021 09:06 Asia/Baku
  • Qarabağda etibarlı sülhün yaranması üçün nə etmək lazımdır?-Təhlil

Dağlıq Qarabağda etibarlı sülhün bərqərarı üçün bölgədə əməkdaşlıq vacib şərtlər sırasındadır.

SəhərAzəri xəbər verir ki, Qarabağda münaqişə tərəfləri arasında atəşkəs bəyannaməsinin imzalanmasından 3 ay 7 gün keçir. İndi Azərbaycan Respublikası Ermənistanla əlaqələrin normallaşdırılması, Qarabağın yenidən qurulması, eləcə də  bir milyon qaçqın və məcburi köçkünün doğma yurdlarına qayıtması istiqamətində çalışır. Lakin vəziyyət mürəkkəbdir. Çünki ermənilər 27 il işğalda saxladıqları əraziləri tamaimlə dağıdıb. Odur ki, hər şeyə sıfırdan başlamaq lazımdır. İlk növbədə ərazilər minalardan təmizlənməli, yalnız bundan sonra tikinti işlərinə başlanılmalıdır.

Beləliklə, minlərlə insanın həyatına son qoymuş müharibədən sonra artıq gələcəyə baxmaq, Qarabağı sülh, firavanlıq bölgəsinə çevirməyin yolları haqda düşünmək lazımdır. Qarabağ torpağından hələ 1992-1994-cü illərdə qovulmuş 800 min azərbaycanlı hələ də doğma yurdlarından uzaqdadırlar. Bu gün onlar bu torpaqlara qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Lakin bunu tez bir zamanda gerçəkləşdirmək mümkün deyil. Bunun üçün zamana ehtiyac var və insanların beyninə davamlı barışıq, cəmiyyətlər arasında sülh düşüncəsi hopdurulmalıdır. Bu isə siyasətçilərin işidir.

Azərbaycan öz növbəsində gərginliyi azaltmağa, ölkənin ermənilərlə, o cümlədən Qarabağda qalan ermənilərlə münasibəti yumşaltmağa çağırır. Hakimiyyət orqanlarının fəaliyyəti ermənilərin ölkədəki digər azlıqlar kimi qəbul edilməsinə hesablanıb.

Ermənistana gəlincə burada hakimiyyətə revanşist qüvvələrin gəlməsi faciə olardı. Çünki onlar ötən ilin noyabrında imzalanmış razılaşmanı pozmaq istəyirlər.  Ona görə də ermənilərin vəziyyəti qəbul etməsi üçün hələ çox illər lazım gələcək.

Daha bir vacib məqam Qarabağla yanaşı, Azərbaycanın əsas hissəsindən ayrı olan Naxçıvan bölgəsinin milli və regional dinamikaya qayıtmasıdır. Ölkənin cənub-qərbindəki Zəngilan rayonundan başlayacaq, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək dəhlizin əsas məqsədi də bu olacaqdır. Aydın məsələdir ki, regional iqtisadi əməkdaşlıq təkcə Azərbaycanın xeyrinə deyil. O, Ermənistana da kömək edəcək, ölkənin inkişafına təkan verəcəkdir.

Hər halda, iki ölkə arasında davamlı sülhün qurulması iqtisadiyyatdan da asılıdır. Odur ki, uzun müddət müharibə şəraitində olmuş bu iki ölkənin qarşılıqlı məyusluq hissinin artmaması üçün iqtisadi məsələlərdə bir araya gəlmələri lazımdır. Onların arasında qarşılıqlı əlaqələr dinamik inkişaf edərsə və Ermənistan bundan faydalanarsa, sülh davam edə bilər.

Teqlər