Noy 04, 2025 14:00 Asia/Baku
  • Gürcüstan Avropa Parlamentinin qətnaməsini tənqid edib

Avronest Parlament Assambleyasında İrəvanda keçirilən iclasında Gürcüstan hökumətinə qarşı qəbul edilən qətnamə Tbilisinin sərt etirazına səbəb olub.

Tbilisi Avronest Parlament Assambleyasının İrəvanda keçirilən iclasında Gürcüstan rəsmilərinə qarşı qəbul edilən qətnaməni sərt şəkildə tənqid edib. Gürcüstan parlamentinin sədr müavini Nino Tsilosani erməni nümayəndələri İrəvanın rəsmi mövqeyinə zidd hərəkət etməkdə ittiham edib.

Tsilosani deyib: "Ermənistanın Baş naziri Gürcüstanda rəsmi səfərdə idi və xalq tərəfindən seçilmiş hökumətlə müxtəlif görüşlər keçirdi. Erməni nümayəndələri Gürcüstan hökumətinin legitim olmadığını iddia edən qətnaməni dəstəkləməklə, əslində öz baş nazirlərinə etimadsızlıq göstərirlər".

O əlavə edib ki, təqdim etdiyi arqument qətnamənin "nə qədər mənasız və boş" olduğunu göstərmək üçün kifayətdir və onun yeganə məqsədi "Gürcüstana zərər vurmaq üçün daha bir addım atmaqdır".

Bu arada Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" partiyasının üzvü və Avronest Parlament Assambleyasında Ermənistan nümayəndə heyətinin rəhbəri Mariya Karapetyan jurnalistlərə bildirib: "Ermənistanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin, həm hakim partiyadan, həm də müxalifətdən olan üzvləri Gürcüstanla bağlı təklif olunan düzəlişlərin lehinə səs verməyiblər".

O izah edib ki, Ermənistan nümayəndə heyətinin üzvləri Gürcüstanla bağlı düzəlişlərə ya bitərəf səs veriblər, ya da ümumiyyətlə səsvermədə iştirak etməyiblər.