Mart 03, 2021 09:37 Asia/Baku
  • Qarabağ müharibəsində

Britaniyanın “Middle East Eye” saytında Rusiya istehsalı olan raketin müharibə zamanı zərərsizləşdirilməsi barədə məqalə dərc olunub.

SəhərAzəri xəbər verir ki, məqalədə ad çəkilmədən yüksək rütbəli rəsmilərdən birinə istinadla iddia olunur ki, ötən il Qarabağ müharibəsinin son günlərində Rusiya Ermənistanı Azərbaycana “İskəndər” raketi atmağa təhrik edib, amma Azərbaycanın hərbi arsenalında olan, raketdən müdafiə sistemi sayəsində raketi zərərsizləşdirmək mümkün olub.

Yüksək rütbəli rəsminin sözlərinə görə, Rusiya mübahisəli ərazidə sürətlə irəliləyən Azərbaycanı atəşkəsə razı salmaq üçün Ermənistanı “İskəndər” raketlərindən istifadə etməyə təhrik edib və raketlərin işə salınmasına maddi dəstək verib.

İddia olunur ki, Yerevan “İskəndər” ballistik raketini atəşkəsdən bir neçə gün əvvəl paytaxt Bakını hədəf alaraq atdı. Ermənistanın bu həmləsi Azərbaycanın səlahiyyətli orqanlarını narahat edirdi. Lakin Azərbaycan bu raket hücumunu dəf etməyi bacarıb. 

Yüksək rütbəli general deyib: “Bu raketlərdən təkrar istifadə bölgədə vəziyyəti həqiqətən də pisləşdirə bilərdi. Hesab edirəm ki, digər məsələlərlə yanaşı, raket hücumu da Azərbaycan rəhbərliyini atəşkəsə getməyə vadar etdi”.

Ötən il noyabrın 9-da atəşkəs imzalanmazdan bir neçə saat əvvəl sosial şəbəkədə yayılan bir videoda Ermənistanın Azərbaycan ərazisinə “İskəndər” raketi atdığı nümayiş edilirdi.

Türkiyənin İqtisadiyyat və Xarici Siyasət Araşdırmaları Mərkəzinin (EDAM-ın) Təhlükəsizlik və Müdafiə Proqramının direktoru Can Kasapoğlu “Middle East Eye” saytına bildirib ki, “İskəndər” sistemləri mobil kompleksdir və Dağlıq Qarabağdan bu raketlərlə Bakını hədəf almaq mümkündür.

Can Kasapoğlu deyib: “Ermənistanın Azərbaycanı atəşkəsə məcbur etmək üçün son çıxış yolu kimi “İskəndər” raketindən istifadə etmək istəməsi kifayət qədər ağlabatandır”.

Müharibənin ilk dövrlərində Ermənistan hərbi qüvvələri Azərbaycanı “Toçka” və “Skad” raketləri ilə hədəf almışdı. Kasapoğlu hesab edir ki, vəziyyət getdikcə pisləşdiyinə görə Ermənistanın “İskəndər” kimi daha müasir raket modellərinə üstünlük verməsi başadüşüləndir.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ötən həftə jurnalistlərin suallarını cavablandırarkən Ermənistanın Azərbaycan ərazisinə bir neçə ballistik raket atdığını və regiondakı ölkələrin bu raketləri izləmək imkanına malik olduğunu vurğulayıb.

Ötən ilin oktyabr ayında Ermənistanın raket hücumları Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə mülki əhali arasında ölümlərə səbəb olub. Azərbaycandan verilən məlumata görə, 300 kilometr məsafəli orta mənzilli ən azı iki raket Bakının yaxınlığındakı rayonlarda zərərsizləşdirilib.

“İskəndər” barədə açıqlama ötən həftə, bu raketlərin müharibə dövründə nə dərəcədə effektiv olmasına dair baş nazir Nikol Paşinyanla Ermənistanın hərbi liderləri arasında ortaya çıxan ictimai mübahisənin ölkədə ciddi siyasi qeyri-müəyyənlik yaratdığı bir vaxtda verilib.

Paşinyan ötən həftə müsahibə verərkən raketlərin köhnə olduğuna görə partlamadığını və cəmi 10 faiz effektiv olduğunu qeyd edib.

Ermənistanın yüksək rütbəli hərbi məmurlarından biri olan Silahlı Qüvvələrin Baş Qərargahı rəisinin birinci müavini Tiran Xaçatryan baş nazirin sözlərini istehza ilə qarşılayıb və ardınca Paşinyan Xaçatryanı vəzifəsindən uzaqlaşdırıb.

Teqlər