İyun 25, 2021 12:54 Asia/Baku
  • Putin və Ərdoğan Qarabağı müzakirə ediblər

Rusiya və Türkiyə prezidentləri Qarabağ ətrafında yaranmış son vəziyyəti müzakirə ediblər.

SəhərAzəri-nin məlumatına əsasən,  Vladimir Putin və Rəcəb Təyyib Ərdoğan arasında telefon danışığı olub. Telefon danışığı zamanı Rusiya və Türkiyə liderləri Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar, atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin fəaliyyətinə müsbət qiymət verilib. Sonra isə liderlər arasında şəxsi təmasların və digər səviyyələrdə birgə işlərin davam etdirilməsi barədə razılıq əldə olunub.

Məlumatda deyilir ki, Ərdoğan Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarında təsbit olunmuş razılaşmaların tam şəkildə həyata keçirilməsini təmin etmək üçün rəsmi Moskvanın səylərini dəstəklədiyini bildirib. İqtisadi inkişaf və regionun nəqliyyat infrastrukturunun bərpası maraqları daxil olmaqla koordinasiyanı davam etdirməyə qarşılıqlı hazırlıq ifadə olunub.

Prezidentlərin söhbəti zamanı Ərdoğanın Şuşaya səfərinin ardınca türk hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi məsələsinin müzakirə olunması istisna edilmir. Qeyd olunur ki, Rusiya rəhbəri bu barədə Ərdoğandan izahat tələb edib. Rusiyanın baş diplomatı Sergey Lavrov iyunun 17-də mətbuata açıqlamasında Türkiyənin Azərbaycanda hərbi baza yaratmasını şayiə adlandırıb. 

Teqlər