Makron Azərbaycanın əsəbi ilə oynayır
Fransa prezidenti Paşinyanla regiondakı vəziyyəti müzakirə edib
Fransa prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyan ilə telefonla danışıb.
SəhərAzəri “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti bildirib.
Qeyd olunub ki, tərəflər regiondakı vəziyyəti müzakirə edib. Paşinyan Makronun bölgədə uzunmüddətli sülh və sabitlik yaratmağa yönəlmiş səylərini yüksək qiymətləndirib.
Fransa prezidenti Emmanuel Makronla Ermənistanın baş naziri Nikol Paşinyan arasında son telefon danışığı avqustun 3 -də olub.
Xatırladaq ki, iyunun 24-də Makron Fransanın Qarabağ probleminin “Ermənistanın ərazi bütövlüyü və suverenliyinə hörmət” şərtilə həllinə kömək etməyə də hazır olduğunu vurğulayıb. Onun fikrincə regionda siyasi stabilliyin yeganə yolu ATƏT-in Minsk Qrupu çərçivəsində Qarabağ problemi ilə bağlı nizamlama danışıqlarının bərpasıdır.
Fransa dövlət başçısı bir müddət əvvəl Azərbaycanla Ermənistan arasında yaranmış sərhəd problemləri ilə əlaqədar Azərbaycanı "işğalçı dövlət" adlandırmışdı.
Azərbaycanlı politoloqlar deyirlər: Fransanın Minsk Qrupundakı həmsədrliyi bunu rəsmi Parisdən tələb edir ki, sözdə olsa belə tərəflərdən eyni məsafədə dayansın. Ancaq Emmanuel Makron bu ənəni pozdu. O, müharibədə və ondan sonrakı dövrdə verdiyi açıqlamalarda birmənalı şəkildə Ermənistanı və erməniləri müdafiə edib.
Politoloqlar hesab edirlər ki, Makron açıq-aşkar Minsk Qrupu formatını canlandırmağa çalışır. Lakin həmsədrlik institunun süni surətdə canlandırılması Azərbaycanın maraqlarına cavab vermir.