Rusiyalı rəsmidən şok açıqlama
“İrəvan və Bakı yolların açılmasına kökləniblər”
Rusiya baş nazirinin müavini bildirib ki, Ermənistan, Rusiya və Azərbaycan regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasına kökləniblər.
SəhərAzəri-nin məlumatına əsasən, Aleksey Overçuk bazar ertəsi İrəvanda jurnalistlərə verdiyi açıqlamada deyib: "Üçtərəfli işçi qrupu görüşlər keçirir. Sayca yeddinci olan sonuncu görüş avqustun ortalarında Moskvada olub. Bütün tərəflər regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına köklənib. Bunu necə etmək barədə müzakirələr gedir".
Overçuk əlavə edib ki, nəqliyyat marşrutlarının bərpası ticarət dövriyyəsinin, o cümlədən Ermənistanla Rusiya arasında ticarət dövriyyəsinin genişləndirilməsi və artırılması üçün yeni imkanlar yaradacaq.
Öz növbəsində, Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan da qeyd edib ki, uzun illər ərzində nəqliyyat əlaqəsi məsələsində məhdudiyyətlər olub. Aydındır ki, kommunikasiyaların açılması iqtisadiyyata müsbət təsir göstərəcək, lakin konkret rəqəmlər barədə danışmaq hələ tezdir.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl Azərbaycana Zəngəzurda dəhlizin verilməyəcəyini bildirsə də, görünür tərəflər orta variant üzərində razılığa yaxınlaşırlar. Belə ki, yaradılacaq dəhlizə nəzarət Rusiyaya tapşırılır, Ermənistan isə yalnız Azərbaycan maşınlarından gömrük rüsumu alacaqdır. Bu variant bütün tərəflər üçün məqbul sayıla bilər.
Öz növbəsində Türkiyə dövləti Azərbaycana gediş-gəlişin sözü gedən marşrutla təmin olunması əvəzində Ermənistanla əlaqələrini normallaşdırmağa və sərhədini açmağa hazırdır.
Bununla əlaqədar prezident Rəcəb Təyyib Ərdoğanın BMT Baş Assambleyasında Ermənistanın baş naziri ilə görüşəcəyi istisna edilmir.
Ərdoğan bu barədə deyib: "Nikol Paşinyanın görüş keçirilməsi ilə bağlı təklifini mənə çatdırıb. Ancaq bunun üçün Ermənistanın müsbət addımlar atması lazımdır. Bu görüş baş tutarsa, Türkiyə də diplomatik əlaqələrə başlayar".
Bildirilir ki, Paşinyan bununla bağlı Gürcüstan baş nazirinin vasitəçilik etməsini xahiş edib.