Soçi görüşündən sonra
Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri mətbuata bəyanatla çıxış ediblər
Noyabrın 26-da Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra Rusiya prezidenti, Azərbaycan prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər.
SəhərAzəri-nin məlumatına əsasən,Rusiya prezidenti Vladimir Putinin öz açıqlamasında hər şeydən öncə üçtərəfli görüşdə Rusiya sülhməramlılarının, sərhədçilərin, ərazilərin minalardan təmizlənməsi ilə məşğul olan, insanların daimi yaşayış yerlərinə qayıtmalarını təmin edən mütəxəssislərin işinin yüksək qiymətləndirildiyini deyib.
Putin cari milad ilinin sonunadək iki dövlət arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizmlərinin yaradılması barədə razılıqdan xəbər verib.
Rusiya prezidenti humanitar xarakterli məsələlərlə bağlı nəzərəçarpacaq dərəcədə irəliləyişin olduğunu dilə gətirib.
Vladimir Putin dəmir yolu və avtomobil yollarından ibarət olan nəqliyyat dəhlizlərinin açılmasının da müzakirə edildiyini diqqətə çəkib və baş nazirlərin müavinlərinin gələn həftə Moskvada, razılaşdırılmış qərarları elan edəcəklərini xatırladıb.
Azərbaycan prezidenti İlham Əliyev üçtərəfli bəyanatdan keçən 1 ili müsbət dəyərləndirərək Qarabağda sülhməramlıların fəaliyyətinə görə Rusiyaya təşəkkürünü bildirib.
İlham Əliyev Sərhədlərin delimitasiyası, demarkasiyası, nəqliyyat arteriyalarının bərpası ilə bağlı danışıqları müsbət qiymətləndirərək deyib:
Mübahisələrin, fikir ayrılıqlarının nizamlanması işində qəbul etdiyimiz qərarlar, zənnimcə, Cənubi Qafqazda vəziyyətin daha təhlükəsiz və proqnozlaşdırıla bilən olmasına şərait yaradacaq.
Azərbaycan Respublikası prezidenti ölkəsinin humanitar normalara riayət edilməsinə ardıcıl tərəfdar olduğunu xatırladıb və və bu istiqamətdə hərbi əməliyyatlar bitəndən sonra saxlanılmış 100 nəfərdən çox erməni hərbi qulluqçunun Ermənistana təhvil verildiyini bildirib.
İlham Əliyev Ermənistanı normal qarşılıqlı fəaliyyətə çağıraraq deyib: Biz Azərbaycanda Ermənistan ilə çoxillik qarşıdurma səhifəsini çevirmək, normal qarşılıqlı fəaliyyət mərhələsinə başlamaq əzmindəyik və düşünürəm ki, məhz bu formatda öz məqsədlərimizə çatacağıq.
Azərbaycan Respublikası prezidenti Rusiyanı ölkəsi üçün strateji tərəfdaşdan daha artıq hesab edərək bu ölkənin səmərəli vasitəçiliyinə diqqət çəkib.
Ermənistanın baş naziri Nikol Paşinyan da öz çıxışında görüşü müsbət qiymətləndirərək deyib: Biz regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılması məsələsi barədə həqiqətən qeyd etdik ki, bu kommunikasiyaların necə işləyəcəyi barədə təsəvvürümüz ortaqdır.
Paşiniyan Delimitasiya və demarkasiya prosesinə başlamaq mövzusunun da müzakirə olunduğunu bildirib. Ermənistan ilə Azərbaycan arasında sərhəddə müəyyən təhlükəsizlik və sabitlik mexanizmlərinin yaradılmasının vacibliyinə toxunub.