ABŞ Azərbaycana meydan oxuyur
Amerika səfirliyi: Münaqişənin mühüm aspektləri həll olunmayıb
ABŞ-ın Ermənistandakı Səfirliyi bildirib ki, Qarabağ münaqişəsinin mühüm aspektləri həll olunmamış qalır.
SəhərAzəri-nin məlumatına əsasən, səfirliyin mətbuata verdiyi açıqlamada deyilir: “ABŞ Cənubi Qafqazda sülhün müsbət inkişafını dəstəkləməyə və töhfə verməyə çalışır. Birləşmiş Ştatlar ikitərəfli formatda və həmfikir tərəfdaşlarla, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Ermənistan və Azərbaycana bütün həll edilməmiş məsələləri həll etməkdə kömək etmək öhdəliyi götürür”.
“Hələ bir çox məsələlər, o cümlədən regional nəqliyyat marşrutları ilə bağlı məsələlər həllini tapmalıdır. Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan nümayəndələrinin bu və digər məsələlərdə konstruktiv iştirakını alqışlayır”, – deyə səfirlikdən bildiriblər.
Qarabağın gələcək statusu ilə bağlı isə səfirliyin bəyanatında bu cümlələr yer alır: “Münaqişənin mühüm aspektləri, o cümlədən Dağlıq Qarabağın statusu həll olunmamış qalır. Biz inanmaqda davam edirik ki, regionda dinc, demokratik, firavan gələcəyin açarı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həll olunmamış məsələlərin hərtərəfli, davamlı, danışıqlar yolu ilə həllidir”.
Azərbaycan müntəzəm olaraq Qarabağ münaqişəsinin olmadığını, məsələnin həll olunduğunu iddia edir. Bəs ABŞ-ın Ermənistandakı səfirliyi həmin mövqe ilə razılaşır, ya yox?
ABŞ-ın Ermənistandakı Səfirliyinin Mətbuat Xidməti bu haqda bildirib: “Biz ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin və ya ondan irəli gələn bütün həll olunmamış məsələlərin hərtərəfli, uzunmüddətli nizamlanması üzrə danışıqlarda Ermənistan və Azərbaycanın səylərini dəstəkləməyə hazırıq”.