Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan
“Ümid edək ki, yaxın gələcəkdə sülh müqaviləsi mövzusunda irəliləyiş olacaq”
“Ermənistan Azərbaycanla münasibətlərin gündəminin sürətlə irəliləməsi üçün fəaliyyətini davam etdirir”.Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin İctimai Televiziyasının efirində deyib.
SəhərAzəri-nin məlumatına əsasən,Armen Qriqoryan, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə nəzərdə tutulan görüşün ləğvinin sözügedən prosesin dalana dirənməsinə səbəb olub olmaması barədə sualı cavablandırıb.
“Mən deməzdim ki, proses dalana dirənib, çünki delimitasiya ilə bağlı ilk görüş baş nazir müavinləri səviyyəsində keçirilib və hər iki tərəf bu görüşü müsbət qiymətləndirib.”
Qriqoryan növbəti görüşün Moskvada, daha sonra Brüsseldə keçiriləcəyini xatırladaraq deyib: “ Ümid edirik ki, görüşlə bağlı razılıq ən qısa zamanda əldə olunacaq. Siz də bilirsiniz ki, baş nazirlərin müavinləri bu yaxınlarda Sankt-Peterburqda görüşüblər və bütövlükdə öz mövqelərini mümkün qədər yaxınlaşdırmağa çalışıblar. Bir daha açıq şəkildə təsdiq edə bilərəm ki, erməni tərəfi substantiv danışıqlara həmişə hazırdır”,- deyə Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirib.
Qriqoryan yaxın vaxtlarda onunla Hikmət Hacıyev arasında görüşün baş tutacağına ümid etdiyini bildirib:
“Bu görüş və digər məsələlər müzakirə olunur... Ümid edək ki, yaxın vaxtlarda sülh müqaviləsi mövzusunda əsaslı görüşlər olacaq və biz irəliyə gedə biləcəyik,”,- Armen Qriqoryan deyib.
Qriqoryan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə də münasibət bildirib və Paşinyan və Erdoğan arasında telefon danışığını bu istiqamətdə atılan əhəmiyyətli addım adlandırıb.
O qeyd edib ki, Ermənistanın baş naziri və Türkiyə prezidenti üçüncü ölkələrin vətəndaşları və yük daşımalar üçün sərhədlərin açlması məsələlərini ətraflı müzakirə ediblər. "Zənnimcə, gələcəkdə Ermənistan və Türkiyə vətəndaşları üçün də sərhədi açmaq mümkün olacaq", deyən Qriqoryan əlavə edib ki, telefon söhbətində bu məsələlərdə necə daha intensiv irəliləyiş əldə edilə biləcəyi müzakirə olunub.
Qriqoryan Ermənistan-Türkiyə münasibətlərinin nizamlanmasının Ermənistan iqtisadiyyatına müsbət təsir göstərəcəyini deyib.
Ermənistan və Türkiyə nümayəndələrinin üçüncü ölkələrdə görüşməsinin səbəbləri haqqında suala cavabda Qriqoryan növbəti görüşlərin həm Ermənistanda, həm də Türkiyədə keçirilə biləcəyini bildirib.