Avq 09, 2022 11:38 Asia/Baku
  • Putin və Paşinyan Qarabagı müzakirə edib

Ermənistan tərəfinin təşəbbüsü ilə avqustun 8-də Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ ətrafındakı vəziyyəti, Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik məsələlərini müzakirə ediblər. Bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, danışıq zamanı Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin bütün müddəalarının həyata keçirilməsinin vacibliyi təsdiqlənib.

Xatırladaq ki, son günlər həm Qarabağda, həm də Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərginləşib və hər iki tərəfdə tələfatlar olub. Azərbaycan tərəfinin bildirdiyinə görə, Azərbaycan-Ermənistan dövlət sərhədində, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Avqustun ilk günlərində Ermənistanı Qarabağa birləşdirən Laçın dəhlizi boyunca erməni və Azərbaycan silahlı qüvvələri arasında toqquşmalar baş verib. Ötən həftə baş vermiş toqquşmalarda iki erməni və bir azərbaycanlı əsgərin həlak olduğu xəbər verilmişdi.

Avqustun 4-də Ermənistan Azərbaycanı atəşkəsin pozulmasında ittiham etmiş, Nikol Paşinyan isə Rusiyanın sülhməramlı əməliyyatına “düzəliş” edilməsinə çağırmışdı.

Azərbaycan atəşkəsi pozmasına dair Ermənistanın ittihamlarını rədd edib və İrəvanı üçtərəfli bəyanatın şərtlərini pozmaqda günahlandırıb.

Paşinyan təklif etmişdi ki, Qarabağdakı Rusiya sülhməramlılarına “daha geniş beynəlxalq mandat” verilsin.

Ertəsi gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Moskva Paşinyandan sülhməramlı qüvvələrin mandatının dəyişdirilməsinə dair heç bir konkret təklif almayıb. O demişdi ki, Rusiya sülhməramlıları ərazidə vəziyyətin stabilləşdirilməsi üçün bütün səylərini göstərir.

Teqlər